Jun 16, 2023 | 09:00 Yeni nəşrlər
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin “Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı kitabının I cildi işıq üzü görüb.
Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi şurasının 30 may 2023-cü il tarixli qərarı ilə çap olunan kitabın elmi redaktorları fəlsəfə elmləri doktoru, professor Rafail Əhmədli və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanovdur.
Əsərin birinci cildində XIX əsr Azərbaycan türk fəlsəfi fikrinin inkişaf yollarından və bu fəlsəfi fikrin tanınmış Azərbaycan türk mütəfəkkirlərinin dünyagörüşlərindən bəhs olunur. Müəllif burada Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixinin inkişaf yollarını üç istiqamətdə təhlil edib: 1) Azərbaycanda Şərq-İslam-Türk mədəniyyəti və fəlsəfəsi (A.A.Bakıxanov, Z.Şirvani, Q.Zakir, M.M.Nəvvab, X.Natəvan, F.Kəminə, Heyran xanım, M.Hidəci, M.M.Şükuhi, S.Ə.Nəbati, Ə.Axundoğlu, M.H.Nigari və başqaları); 2) Azərbaycanda Qərb-Avropa mədəniyyəti və fəlsəfəsinin təşəkkülü (M.Ş.Vazeh, T.Z.Qürrətul-Eyn, M.M.Kazım bəy, M.F.Axundzadə, N.Vəzirov, Z. Marağalı və başqaları); 3) Azərbaycanda Şərq-İslam-Türk fəlsəfəsi və Qərb-Avropa fəlsəfəsinin sintezi problemi və həll yolları (C.Əfqani, H.Zərdabi, S.Ə.Şirvani, M.Ə.Talıbzadə, M.T.Sidqi, S.Ünsizadə və başqaları).