AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Tarix İnstitutunda hazırlanan nəşrin Kərkükdə təqdimatı keçirilib
Jun 18, 2023 | 08:23 Mühüm hadisələr

Kərkükdə “Vətən Müharibəsi Tarixi. Şəxsiyyət Faktoru” kitabının təqdimatı keçirilib.

Kitab Bakı Şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə nəşridir.

Azərbaycanın İraqdakı səfirliyinin təşkilatçılığı ilə İraqın Kərkük şəhərində baş tutan tədbirdə, İraq Parlamentinin millət vəkilləri, Kərkük Universitetinin müəllim heyəti, yerli araşdırma mərkəzlərinin rəhbərləri və tədqiqatçıları, siyasətçilər, ziyalılar və media mənsubları iştirak edib.

Tədbirin əvvəlində şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan İraq Parlamentinin İnsan Hüquqları Komitəsinin sədri, millət vəkili Erşat Salihi İkinci Qarabağ Müharibəsində əldə olunmuş qalibiyyətin tək Azərbaycanın deyil, bütün Türk dünyasının şanlı qələbəsi olduğunu qeyd edib. Komitə sədri Qarabağın İraq türkmənləri üçün əziz və doğma diyar olduğunu, Azərbaycanda yaşanan sevincin İraq türkmənlərinin və xüsusən də Kərkük şəhərində də yaşanıldığını ifadə edərək, yaxın gələcəkdə İraq türkmənlərinin də yeni istifadəyə verilmiş Füzuli adına beynəlxalq hava limanına səyahət etmələrini və oradan Şuşa şəhərinə səfər etmək arzusunda olduqlarını qeyd edib.

Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Nəsir Məmmədov çıxış edərək kitabda İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qazandığı qalibiyyətin əldə olunması, Ulu Öndər Heydər Əliyevin Qarabağ probleminin həlli istiqamətində qurduğu strategiya və ordu quruculuğu sahəsində aparılmış islahatlar, dövlət başçısı İlham Əliyevin uzaqgörən siyasəti və diplomatik qabiliyyəti, xalqın birliyi barədə geniş məlumatın verildiyini diqqətə çatdırıb.

Nəsir Məmmədov, həmçinin kitabın Azərbaycan, türk, ingilis və rus dillərində nəşr edildiyini, yaxın zamanda paytaxt Bağdad şəhərində isə bu kitabın ərəb dilində təqdimatının keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Daha sonra “Zirvə” Araşdırmalar Mərkəzinin rəhbəri, professor Hüseyn Əli Əkbər, Kərkük Universitetinin professoru Nəbil Kifirli keçmiş millət vəkili Əhmed Heydər, siyasətçi Ammar Kəhya, tarixçi Nejdət Kövsər, ədəbiyyatçı Əli Yurdokul və digər iştirakçılar çıxış ediblər.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023