AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Qarabağın mənəviyyat və fəlsəfə tarixindən səhifələr” kitabı nəşr olunub
Jun 19, 2023 | 13:15 Yeni nəşrlər

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Etika şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Aytək Zakirqızı Məmmədovanın “Qarabağın mənəviyyat və fəlsəfə tarixindən səhifələr” kitabı çapdan çıxıb.

Azərbaycan xalqı daha çox ermənilərin “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün ölkəmizə qarşı ərazi iddiaları ilə qarşılaşıb, ermənilərin xəyanətlərinə və vəhşiliklərinə məruz qalıb.

1988-ci ildən başlayaraq ermənilərin Azərbaycanın tarixi torpaqlarına qarşı ərazi iddiaları və hərbi hücumları nəticəsində torpaqlarımızın iyirmi faizi işğal edilmişdi, bir milyondan artıq azərbaycanlı yurdlarından məhrum olmuş, məcburi köçkün həyatı yaşayırdılar.

27 sentyabr 2020-ci ildən başlayan və 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz Qarabağı erməni vandallarının işğalından qurtardı, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Qarabağ zəfərinin qazanılmasında iştirak edən vətən övladları qəhrəmanlıq salnaməsini yazdılar.

Azərbaycan xalqı qəhrəman, döyüşkən igidləri ilə yanaşı, yetirdiyi mədəniyyət xadimlərinə, düşüncə sahiblərinə görə də məşhurdur. Ölkəmizin elm və mədəniyyət xadimlərinin irslərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir. Bütün dövrlərdə, xüsusilə, belə bir zamanda Qarabağın mənəviyyat, fəlsəfə və düşüncə tarixini səhifə-səhifə vərəqləmək vacibdir. Bu baxımdan “Qarabağın mənəviyyat və fəlsəfə tarixindən səhifələr” kitabında Qarabağ ərazisində doğulub böyümüş, elm və mədəniyyət sahəsində töhfələr vermiş yaradıcı insanların fəaliyyətləri işıqlandırılır.

Kitabın elmi redaktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, rəyçiləri fəlsəfə elmləri doktoru Dilarə Müslümzadə, tarix elmləri doktoru, professor Nərgiz Əliyeva, redaktoru Qabil Camalovdur.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023