AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Manna tarixinin tanınmış tədqiqatçısı Solmaz Qaşqayın anadan olmasının 90 illiyinə həsr edilmiş dəyirmi masa
Jun 11, 2026 | 10:46 Konfranslar, iclaslar

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Azərbaycan tarix elminin görkəmli nümayəndələrindən biri, Manna tarixinin tanınmış tədqiqatçısı Solmaz Qaşqayın anadan olmasının 90 illiyinə həsr edilmiş dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev Solmaz Qaşqayın Azərbaycan tarix elminin inkişafında, qədim Azərbaycan dövlətçilik tarixinin öyrənilməsində xüsusi rol oynadığını bildirib. Solmaz Qaşqayın zəngin elmi irsinin gələcək nəsillər tərəfindən öyrənilməsinin vacibliyini vurğulayan İlqar Niftəliyev deyib ki, alimin Manna dövlətinin siyasi, iqtisadi və mədəni tarixinin araşdırılmasına həsr olunan fundamental tədqiqatları bu gün də öz aktuallığını qoruyur və tarixçilər üçün dəyərli mənbə sayılır.

Tarix elmləri doktoru, dosent Allahverdi Əlimirzəyev “İzirtu və Şimerrihadir: Manna dövlətinin siyasi və dini mərkəzləri” mövzusunda çıxış edərək Manna dövlətinin əsas şəhərləri və onların tarixi əhəmiyyətindən danışıb.

Elmi işçi Həmid Quliyev “Qılzan: Qərbi Urmiya hövzəsinin son müstəqil siyasi qurumu” adlı məruzəsində regionun qədim siyasi tarixinin mühüm məqamlarına toxunub.

Tədbirdə uzun illər Solmaz Qaşqayla birgə işləmiş alimlər, tədqiqatçılar çıxış ediblər, görkəmli alimin yüksək insani keyfiyyətlərindən, elmə sonsuz bağlılığından və gənc tədqiqatçılara göstərdiyi qayğıdan söhbət açıblar. Çıxışçılar xatirələrini bölüşərək, vurğulayıblar ki, Solmaz Qaşqay yalnız dəyərli alim kimi deyil, həm də səmimi, qayğıkeş və prinsipial insan kimi həmkarlarının yaddaşında dərin iz qoyub.

Dəyirmi masada Solmaz Qaşqayın Azərbaycan tarixinin qədim dövrlərinin araşdırılmasına verdiyi töhfələr, Manna dövlətinin tarixinin öyrənilməsi istiqamətində apardığı fundamental tədqiqatlar və elmi məktəbin formalaşmasındakı rolu xüsusi vurğulanıb. Çıxışçılar Solmaz Qaşqayın Azərbaycan tarix elminə verdiyi misilsiz töhfələri yüksək qiymətləndiriblər, onun elmi irsinin gələcək nəsillər üçün qiymətli mənbə olduğunu bildiriblər.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023