Jun 05, 2026 | 15:50 Konfranslar, iclaslar
AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə “Elm və Təhsildə İnkişaf” İctimai Birliyi tərəfindən nəşr edilmiş “Səfəvi tarixinə dair Florensiya Dövlət Arxivinin sənədləri” kitabının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimini açan institutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, dosent İlqar Niftəliyev nəşrin əhəmiyyətindən söz açıb.
Daha sonra kitabın tərtibçisi, transkripsiya, italyancadan tərcümə, giriş və qeydlərin müəllifi tarix üzrə fəlsəfə doktoru, dosent Əhməd Quliyev ilk növbədə, nəşrin hazırlanmasında verdiyi dəstəyə görə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və təqdimatın təşkilində göstərdiyi köməkliyə görə Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürova öz minnətdarlığını bildirib.
Ə.Quliyev kitabda Səfəvi-Osmanlı münasibətlərinə və Səfəvi-Avropa diplomatik əlaqələrinə dair Florensiya Dövlət Arxivində saxlanılan 203 arxiv sənədi haqqında məlumat verildiyini və bir sıra arxiv sənədlərində tariximiz üçün əhəmiyyət kəsb edən hissələrin transkripsiya və italyancadan tərcümə edilərək, hazırki nəşrə daxil edildiyini söyləyib.
Kitabın elmi redaktoru tarix elmləri doktoru, dosent Tofiq Nəcəfli, rəyçiləri tarix üzrə fəlsəfə doktoru, dosent Fərəh Hüseyn və tarix üzrə fəlsəfə doktoru, dosent Nərgiz Axundova öz çıxışlarında nəşrin Səfəvi tarixinin araşdırılması baxımından tədqiqatçılara faydalı olacağını vurğulayıblar.
Qeyd edək ki, “Təhsil” nəşriyyatında çap edilmiş kitab tarixçilər, Səfəvilər dövlətinin tarixini öyrənən tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


