May 26, 2026 | 11:38 Konfranslar, iclaslar
Tədbiri giriş sözü ilə açan institutun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev qeyd edib ki, 28 May – Azərbaycan xalqının tarixində möhtəşəm bir yer tutmaqdadır. “Şərqdə ilk dəfə olaraq demokratik respublika quruluşlu dövlət yarandı. Hətta həmdövr inkişaf etmiş Qərb dövlətlərinin əksəriyyətindən fərqli olaraq qadınlara seçmək və seçkili dövlət orqanlarına seçilmək hüququ verildi. Bütün bunlar Azərbaycan xalqının çoxminillik tarixində dövlətçilik şüurunun yeni dövrün tərəqqipərvər və humanist çağırışlarına rəğmən transformasiyasını göstərirdi. Dünyada çox az dövlət və xalq tarixində bu çeşiddən olan ilkə imza atmaqla fəxr edə bilər” – deyə Fərhad Quliyev vurğulayıb.
Həmçinin F.Quliyev çıxışnda Ümummilli Lider Heydər Əliyevin və onun siyasətinin layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1918-ci il 28 Maydan əsasını götürən milli istiqlaliyyətin möhkəmləndirilməsində, dövlət ərazilərimizin işğalçılardan azad edilməsində, cəmiyyətin inkişafı üçün respublikada və regionda sabitliyin yaradılmasında və respublikamızın bölgənin güc mərkəzinə çevrilməsində müstəsna rolundan söz açıb.
Daha sonra dosent Fərhad Quliyev institut kollektivini 28 May Müstəqillik Günü və Qurban bayramı münasibətilə təbrik edib.


