May 14, 2026 | 14:54 Konfranslar, iclaslar
AMEA Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının və Bakı Dövlət Universitetinin Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə “Avrasiyanın Tunc Dövrü Mədəniyyətləri” adlı elmi seminar keçirilib.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Mircavid Ağalarov polşalı qonaqları iştirakçılara təqdim edib. Qeyd edək ki, polşalı arxeoloqlar xalkolit (mis-daş) dövrünə aid Leylatəpə (Ağdam rayonu) və Canavartəpə (Ağcabədi rayonu) abidələrində tədqiqat aparan Azərbaycan-Almaniya beynəlxalq arxeoloji ekspedisiyasının elmi heyətinin üzvləridirlər. Polşalı alimlərin təqdimat mövzularının elmi baxımdan istər Polşa, istər Avropa və istərsə də dünya arxeologiyası üçün ciddi diqqət mərkəzində olmasını qeyd edən M.Ağalarov Azərbaycanın gənc arxeoloqlarının əcnəbi həmkarları ilə əməkdaşlığının əhəmiyyətini vurğulayıb.
Yagellon Universitetinin (Polşa Respublikası, Krakov şəhəri) doktoru Yustina Rzonça (Justyna Rzońca) “Avrasiya çöllərində təkərli nəqliyyat və onun döyüşlərdə tətbiqi” mövzusunda təqdimatla çıxış etdi. Təqdimatda Şimali Avrasiyadakı çöl zolağında əsasən ilk, orta və son tunc kurqan tipli qəbir abidələrində aşkar edilmiş dörd və iki təkərli nəqliyyatın (arabaların) müxtəlif növləri nümayiş etdirildi. Göstərilən araba növlərinin və onların təkərlərinin konstruksiyalarının, dövrlərə, arxeoloji mədəniyyətlərə, müşayətedici dəfn inventarına görə aparılmış təsnifatlar, həmçinin, təkərli nəqliyyatın mülki və hərbi təyinatı barədə fikirlər seminar iştirakçılarının diqqətinə çatdırıldı.
Yagellon Universitetinin doktorantı Aleksandra Voyçikin (Aleksandra Wójcik) “Tunc dövrü fiqurları: Mərkəzi Avropadan nümunələr” mövzusunda təqdimatı müxtəlif materiallardan düzəldilmiş antropomorf və zoomorf fiqurların təyinatı barədə elmdə mövcud fikirlərdən bəhs edirdi. Təqdimatda fiqurların dövrlərə, regionlara, müxtəlif parametrlərə görə aparılmış təsnifatları barədə məlumat verildi.
İngilis dilində aparılan təqdimatlar gənc alimlər və tələbələr tərəfindən böyük maraqla qarşılandı. Mühazirəçilər auditoriyanın suallarını cavablandırdılar və mövzular üzrə fikir mübadiləsi aparıldı.


