AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
İskit və kimmerlərin arxeologiyası üzrə elmi seminar keçirilib
May 14, 2026 | 12:10 Konfranslar, iclaslar

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda Ukrayna Elmlər Akademiyası Arxeologiya İnstitutunun Çöl Tədqiqatları Komitəsinin sədri doktor Yuriy Boltrikin və Ankara Sosial Elmlər Universitetinin professoru, doktor Selim Ferruh Adali`nin elmi seminarları keçirilib.

Arxeologiya və Antropologiya İnstitutunun Elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Zaur Həsənov qonaqları seminar iştirakçılarına təqdim etdi. Azərbaycanın Dəmir dövrü arxeologiyası və qədim tarixində özünəməxsus yeri olan iskit və kimmer tayfaları barədə məlumat verən t.e.d. Zaur Həsənov bildirdi ki, İnstitutun qonaqları göstərilən mövzu üzrə tədqiqatlarında əldə etdikləri yeni biliklərini azərbaycanlı alimlərlə paylaşmaq niyyətindədirlər. “Cari seminar arxeologiya və qədim mənbəəşünaslıq üzrə institutda aparılan tədqiqatların yeni səviyyəyə yüksəlməsinin və elmi biliklər üzrə beynəlxalq əməkdaşlığın növbəti təzahürüdür” – deyə t.e.d. Zaur Həsənov vurğuladı.

Ukrayna Elmlər Akademiyası Arxeologiya İnstitutunun Çöl Tədqiqatları Komitəsinin sədri doktor Yuriy Boltrik seminar iştirakçıları qarşısında “Şimali Qara dəniz bölgəsi iskitlərinin yaşayış yerləri və kurqanları” mövzusunda təqdimatla çıxış etdi. Doktor Y.Boltrik Ukrayna ərazisində aparılan arxeoloji tədqiqatlarda iskitlərin oturaq əhali və şəhər yerləri ilə müxtəlif istiqamətli əlaqə və münasibətlərini ortaya qoyan nəticələr barədə söz açdı. Həmçinin, Ukrayna ərazisində mənbələrdə adı keçən qədim yunan koloniyaları ilə iskitlərin cəmləndiyi qədim şəhər yerləri arasında mürəkkəb iqtisadi-siyasi əlaqələri göstərən arxeoloji materialları seminar iştirakçılarının diqqətinə çatdırdı. İskitlərin yaşadığı ərazilərin arxeoloji və mədəni-coğrafi landşaftının xüsusiyyətlərini qeyd etdi.

Ankara Sosial Elmlər Universitetinin professoru, doktor Selim Ferruh Adalinin “Mixi yazılı mənbələrdə kimmerlər haqqında mülahizələr” mövzusunda təqdimatı qədim sami, yunan və fars mənbələrində kimmerlər barədə verilən məlumatlara həsr olunmuşdu. Həmçinin, təqdimatda Türkiyə ərazisində aparılan son arxeoloji tədqiqatlar zamanı əldə edilmiş materialların əsasında iskit və kimmerlərin axınları barədə yeni mülahizələrin irəli sürülməsi üçün geniş meydanın yaranması qeyd edildi. Ön Asiyanın qədim mənbələrində qeyd edilən iskit və kimmerlərin ən qədim cəmləşdiyi ərazi Araz çayının ətrafı və Urmiya hövzəsi olmuşdu. Çıxışçının gəldiyi nəticələrə görə, artıq Əhəmənilərin mənbələrində “sak” kimi qeyd edilən tayfalar Babilistan mənbələrində “gimir” (kimmer) kimi adlandırılmaqda davam edirdi.

Böyük maraqla qarşılanan təqdimatlardan sonra çıxışçılar seminar iştirakçılarının suallarını cavablandırdılar.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023