AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunda “Milli varlığımızın təminatında və inkişafında Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr” adlı tədbir keçirilib
Jan 12, 2026 | 14:45 Konfranslar, iclaslar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 noyabr 2025-ci il tarixində AMEA-nın 80 illik yubiley tədbirində çıxışı və 5 yanvar 2026-cı ildə yerli televiziya kanallarına verdiyi müsahibəsində Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı mülahizə və tövsiyələrinin müzakirəsi məqsədilə AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ümumi yığıncağı keçirilib.

Azərbaycanda elmin inkişafında zəngin ənənələrə malik və bu ənənələri indi də yüksək səviyyədə davam etdirən Şərqşünaslıq İnstitutu müasir elmin tələblərinə uyğun olaraq inkişaf istiqamətini tutaraq aparılan dəyərli elmi tədqiqatlarla, istər ölkə xaricində, istər ölkə daxilində yüksək səviyyədə nəşr etdirdiyi elmi əsərlərlə, geniş beynəlxalq əlaqələri ilə dünya şərqşünaslıq elminin ön sıralarında olmağa, dövlətimizin elmimiz qarşısında qoyduğu vəzifələri yüksək səviyyədə icra etməyə, xalqımıza, dövlətimizə baş ucalığı ilə xidmət etməyə çalışır.

Şərqşünaslıq İnstitutunda keçirilən “Milli varlığımızın təminatında və inkişafında Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr” adlı tədbirdə də şərqşünas alimlərimizin bu istiqamətdə gördüyü işlər və öhdəliklərindən bəhs edilib, Azərbaycan dilinin qorunması və digər məsələlərlə bağlı təklifləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva dövlət başçısının AMEA-nın 80 illik yubiley tədbirində və yerli televiziya kanallarına verdiyi müsahibəsində milli varlığımızın təminatı, Azərbaycan dilinin qorunması, elmin inkişafı və müasir tələblərə uyğunlaşdırılması ilə bağlı səsləndirdiyi fikirləri xatırladaraq, bütün bunların elmi ictimaiyyətin qarşısında mühüm vəzifələr qoyduğunu qeyd edib.

Dövlət başçısının “biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər” söyləyərək, eləcə də “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər” deyə etdiyi müraciətin başda dilçilər olmaqla ziyalılarımızın qarşısında dilimizin qorunması yolunda əməli addımların atılması vəzifəsini qoyduğunu deyərək, alimlərimizin də bununla bağlı öz təkliflərinin bildirməsinin mühümlüyünü vurğulayıb.

Prezidentin dövlət siyasətini daha dolğun şəkildə həyata keçirmək üçün elm və təhsilin vəhdətinə, inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanmağa, elmi potensialın bugünkü reallıqlara uyğunlaşdırılmasına dair səsləndirdiyi fikirləri xatırladan akademik G.Baxşəliyeva həmin fikirlərin elmin inkişafında qarşıya qoyulan bir proqram olduğunu diqqətə çatdırıb.

Daha sonra məruzələrə başlanılıb.

“Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: mövcud vəziyyət və perspektivlər” mövzusunda məruzə edən Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev bildirib ki, dil mürəkkəb bir hadisə kimi hər bir xalqın təşəkkülündə və mövcudluğunun qorunub saxlanılmasında mühüm amillərdən biri hesab edilir. Dil ünsiyyət vasitəsi olmaqla yanaşı, həm də biliklərin saxlanması, ötürülməsi və mənimsənilməsinə xidmət edir: “Məlum olduğu kimi, dil xalqın mənəvi sərvəti və milli kimliyinin təşəkkülündə iştirak edən əsas amillərdən biri hesab edilir. Başqa bir ifadə ilə, hər bir dil mənsub olduğu xalqın tarixi ilə qırılmaz tellərlə bağlıdır. Dil təkcə ünsiyyət vasitəsi deyil, eyni zamanda xalqın tarixini, dünyabaxışını, adət və ənənələrini, mədəniyyətini əks etdirən bir güzgüdür. Xalqın bütün nümayəndələrinin sadəcə ana dildə danışması kifayət etmir, onun tam şəkildə, bütöv bir fenomen kimi tədqiq edilməsi, ümumi cəhətlərinin, qanunauyğunluqlarının, habelə, başqa dillərə nəzərən xüsusiyyətlərinin öyrənilməsi dilin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından qarşıda duran zəruri vəzifələrdən biridir”.

Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsinin strateji əhəmiyyət daşıyan milli məsələ olduğunu deyən E.Mustafayev bu prosesin yalnız dilçilərin və ya dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyəti olduğunu qeyd edib. Vurğulayıb ki, qloballaşma, rəqəmsallaşma və çoxdilli informasiya mühitinin genişlənməsi şəraitində Azərbaycan dili həm xarici təsirlərlə üz-üzə qalır, həm də yeni inkişaf imkanları əldə edir. Bu baxımdan əsas məqsəd dili süni şəkildə mühafizə etmək deyil, onu yaşayan, çevik və funksional ünsiyyət vasitəsi kimi möhkəmləndirməkdən ibarət olmalıdır. Nəticə etibarilə, Azərbaycan dilinin davamlı inkişafı ənənə ilə müasirliyin harmoniyasına, milli kimliklə qlobal inteqrasiyanın balansına əsaslanmalıdır. Dil yalnız keçmişin mirası deyil, həm də gələcəyin quruculuq alətidir. Onun zənginləşdirilməsi, funksional imkanlarının genişləndirilməsi və beynəlxalq elmi-mədəni dövriyyədə layiqli yer tutması Azərbaycan dövlətçiliyinin və milli-mənəvi varlığının möhkəmlənməsinə xidmət edən uzunmüddətli strateji hədəf kimi qiymətləndirilməlidir.

İnstitutun Şərq-Qərb şöbəsinin müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlı “Prezident İlham Əliyevin elm və təhsil siyasəti: strateji baxış və inkişaf perspektivləri” mövzusunda məruzəsində dövlət başçısının çıxışlarında vurğulanan əsas prinsiplərin – elm və təhsilin inteqrasiyası, milli kimlik və dilin qorunması, gənc kadrların təşviqi, rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq olduğunu və bunların müasir dövlət siyasətinin dayanıqlı inkişaf modelini formalaşdırdığın qeyd edib. Bu çıxışın elm və təhsilin ayrılmaz şəkildə inteqrasiya olunmasını prioritetləşdirdiyini, onu milli inkişafın katalizatoru və innovasiya potensialının əsas generatoru kimi təqdim etdiyini deyən M.Babaşlı ölkə rəhbərinin “Gənc kadrların hazırlanması və onların elmi mühitə cəlb edilməsi Azərbaycan elminin gələcəyi üçün həlledici məsələdir” açıqlamasının Azərbaycan elmi siyasətinin uzunmüddətli inkişaf strategiyasının strateji sütunlarından biri olduğunu bildirib. Məruzədə diqqətə çatdırılıb ki, Prezidentin müsahibəsində qeyd etdiyi kimi: “Elm və təhsil sistemində aparılan struktur islahatlar yalnız idarəetməni optimallaşdırmaq məqsədi daşımır. Məqsədimiz bu sahələri vahid strateji xətt üzrə koordinasiya etməkdir”.

İnstitutun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Məmmədov “VUCA dövrü və Azərbaycanda elm və təhsilin inkişaf perspektivləri” adlı məruzəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyi və  5 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına verdiyi müsahibə zamanı səsləndirdiyi Azərbaycan elmi və təhsili qarşısında duran vəzifələrin həyata keçirilməsi perspektivləri araşdırılıb. Məruzə zamanı VUCA (dəyişkənlik, bilinməzlik, mürəkkəblik, qeyri-müəyyənlik) dövründə elmi uyğunlaşma, elmi metodologiya və yanaşma haqqında məlumat verilib və bu dövrdə Azərbaycan elminin qarşısında duran bəzi məsələlər, elmin gələcəyi haqqında fikirlər səsləndirilib.

Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova bildirib ki, bu gün dünyada 50 milyon insanın Azərbaycan dilində danışması və bir-birini anlaması, dilimizin bu gün saflığının qorunması uzun illər dövlət tərəfindən aparılan uğurlu siyasətin nəticəsidir. Məruzəçi elmdə, təhsildə nəsillərarası varislik prinsipinin mühüm olduğunu da vurğulayıb: “Hələ ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni elmi-tədqiqat institutu yaradıldı, elmin inkişafına böyük vəsait ayrıldı, bu siyasət müstəqillik illərində də davam etdirildi. Beləliklə, o illərdə görülən işlər ardıcıl olaraq ölkəmizdə intellektual potensialı yetişdirmiş, gücləndirmişdir. Bu gün bu potensial gələcək nəsillərə nəsillərarası varsilik prinsipi qırılmadan, müasir elmin tələblərinə uyğun davam etdirilməlidir. O vaxt bünövrəsi qoyulan doğru dövlət siyasətilə bu gün bu varislik zəncirinin qırılmadığnı görürük, bu şərəfli işi davam etdirmək bu gün bizim vəzifəmizdir. Bunun üçün ölkə başçısı Prezident İlham Əliyev tərəfindən hər birimizin qarşısına qoyulan vəzifə və öhdəlikləri məsuliyyətlə icra etməliyik”.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023