Dec 24, 2025 | 16:30 Mühüm hadisələr
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq münasibətlər və geosiyasət şöbəsinin böyük elmi işçisi Fərahimə Babayeva‑Şükürova Özbəkistan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Buxara Dövlət Universitetinin dəvəti ilə 2025‑ci il noyabr ayının 18‑dən dekabr ayının 23‑dək universitetin Siyasi elmlər və hüquq fakültəsində akademik fəaliyyət göstərib.
Səfər çərçivəsində alim siyasi elmlər ixtisası üzrə II və IV kurs tələbələri qarşısında silsilə məruzələrlə çıxış edib. Məruzələrdə Azərbaycan Respublikasının müasir dövrdə həyata keçirdiyi uğurlu və praqmatik siyasi kurs, dövlətçilik strategiyasının əsas prioritetləri, regional və beynəlxalq siyasətdə tutduğu mövqe geniş şəkildə təhlil olunub. Xüsusi olaraq, 44 günlük Vətən müharibəsində qazanılmış Qarabağ zəfərinin tarixi, siyasi və geosiyasi əhəmiyyəti diqqət mərkəzinə çəkilib, bu qələbənin cənab Prezident İlham Əliyevin uzaqgörən, prinsipial və milli maraqlara söykənən siyasətinin məntiqi nəticəsi olduğu vurğulanıb.
Eyni zamanda Prezident İlham Əliyevin siyasət nəzəriyyəsi, güclü dövlət-güclü cəmiyyət modeli tələbələrə elmi-publisistik prizmadan təqdim edilib. Məruzələr zamanı Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı sosial‑humanitar və siyasi kursun bu gün də Azərbaycan dövlətçiliyinin ideoloji əsası olduğu, milli həmrəyliyin, multikultural dəyərlərin və sosial sabitliyin qorunmasında mühüm rol oynadığı xüsusi qeyd edilib.
Səfərin əlamətdar məqamlarından biri də 13 dekabr tarixində Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə keçirilən xüsusi məruzə olub. Bu çıxışda Heydər Əliyevin zəngin dövlətçilik irsi, müasir Azərbaycanın qurulmasındakı müstəsna xidmətləri və onun siyasi məktəbinin regional liderlik baxımından əhəmiyyəti geniş auditoriyaya çatdırılıb.
F. Babayeva‑Şükürovanın Buxara Dövlət Universitetindəki elmi-pedaqoji fəaliyyəti Azərbaycan–Özbəkistan elmi və akademik əlaqələrinin inkişafına mühüm töhfə olmaqla yanaşı, gənc nəslin siyasi düşüncəsinin formalaşmasına və Azərbaycan həqiqətlərinin beynəlxalq elmi mühitdə təbliğinə xidmət edib.


