AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Arxeologiya və Antropologiya İnstitutu 2025-ci ildəki elmi fəaliyyətinə dair hesabat verib
Dec 12, 2025 | 11:28 Konfranslar, iclaslar

AMEA-nın Əsas binasında Arxeologiya və Antropologiya İnstitutunun 2025-ci ildə yerinə yetirdiyi elmi-tədqiqat və elmi-təşkilati işlərin yekunlarına dair hesabat iclası keçirilib.

Əvvəlcə iştirakçılar il ərzində Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla Azərbaycanın bütün bölgələri üzrə aparılmış arxeoloji tədqiqatlar nəticəsində aşkar edilmiş mühüm artefaktlardan, eləcə də yeni nəşr olunmuş monoqrafiya, kitab və jurnallardan ibarət sərgi ilə tanış olublar.

Tədbir müstəqil və müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İclası giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli son illərdə Arxeologiya və Antropologiya İnstitutu tərəfindən Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı arxeoloji tədqiqatların aparıldığını, elmə məlum olmayan çoxsaylı maddi mədəniyyət abidələrinin aşkar olunduğunu bildirib.

Arxeologiya və Antropologiya İnstitutunun bu formatda ilk hesabatının təqdim edildiyini söyləyən AMEA rəhbəri tədbir çərçivəsində xalqımızın tarixini, keçmişini, ənənələrini, şəxsiyyətlərini əks etdirən sərginin mühüm əhəmiyyət daşıdığını deyib. O, sərgidə nümayiş etdirilən Neolit və Albaniya  mədəniyyətlərinə aid eksponatların, Avey dağında aşkarlanmış tapıntıların, eləcə də Qarabağın Azıx və Tağlar qədim insan düşərgələrindən tapılmış maddi mədəniyyət nümunələrinin böyük maraq doğurduğunu qeyd edib. Akademik İsa Həbibbəyli İctimai Elmlər Bölməsinin hesabat iclasında da bu formatda sərginin təşkilini məqsədəuyğun sayıb.

AMEA rəhbəri, həmçinin müasir dövrün tələblərinə uyğun olaraq institutda İslam dövrü arxeologiyası, etnoarxeologiya, məhkəmə arxeologiyası, Xəzər arxeologiyası, Qarabağ arxeoloji ekspedisiyası kimi yeni və təkmilləşdirilmiş elmi-tədqiqat strukturlarının yaradıldığını diqqətə çatdırıb. O, Arxeologiya və Antropologiya İnstitutunun Naftalan şəhərində, Goranboy rayonunda, Astarada, Beşbarmaq dağında və Qarabağ bölgəsində apardığı arxeoloji qazıntılarla birbaşa yerindəcə tanış olduğunu söyləyib. Alim arxeoloqlara dron və GPS cihazlarının da təqdim edildiyini bildirərək, müasir texnologiyaların tətbiqinin arxeoloji tədqiqatların keyfiyyət və səmərəliliyini artıracağını vurğulayıb.

Arxeoloji tədqiqatların arealının getdikcə artdığını deyən akademik İsa Həbibbəyli Azərbaycanın şimal və cənub bölgələrində aparılan qazıntıların sayının daha da çoxaldılmasının, həmçinin Qafqaz Albaniyası ilə bağlı tədqiqatların genişləndirilməlisinin zəruriliyini vurğulayıb. O, gələcəkdə antropolji cəhətdən xüsusi maraq doğuran işlərin təqdimatının keçirilməsini önəmli hesab edib.

Akademik İsa Həbibbəyli arxeoloji materiallar əsasında qələmə alınan kitab və monoqrafiyaların, impakt faktorlu jurnallarda dərc olunan məqalələrin sayının artırılmasının vacibliyini vurğulayıb. Alim Arxeologiya və Antropologiya İnstitutunun cari ildə ilk beynəlxalq dövri elmi jurnalının nəşr edildiyini diqqətə çatdırıb, dərginin  dünya arxeologiya elminin tədqiqatçıları üçün mühüm elmi mənbə olduğunu bildirib. Qeyd edib ki, jurnalın ilk nömrəsində dərc edilmiş məqalələr Azərbaycan Respublikası ərazisində, əsasən işğaldan azad edilmiş ərazilərdə son dövrdə aparılmış arxeoloji tədqiqatları əhatə edir. Məqalə həmmüəllifləri sırasında Azərbaycan alimləri ilə yanaşı, Yaponiya, İtaliya və Almaniya arxeoloqları da yer alıblar.

O, Xocavənd rayonunda yerləşən Tağlar mağarasında tədqiqatlar nəticəsində 1968-ci ildən sonra (Azıx adamının qalığı) ilk dəfə paleoantropoloji qalığın tapıldığını və hazırda tapıntının Yaponiyada təhlil edildiyini söyləyib. AMEA rəhbəri yaşı təxminən 80 min il olan neandertal insana aid artefaktın tarixləndirilməsi başa çatdıqdan sonra onun dünya miqyasında təqdimatının keçiriləcəyini deyib.

Çıxışının sonunda akademik İsa Həbibbəyli institutun fəaliyyətini yüksək qiymətləndirib, müəssisə əməkdaşlarının il ərzində səmərəli fəaliyyət göstərdiklərini, mühüm elmi nəticələr əldə etdiklərini söyləyib. O, arxeoloji tədqiqatlarla yanaşı, Azərbaycan dövlətinin və cəmiyyətinin maraqlarına xidmət edən araşdırmalara da üstünlük verilməsini alim və ziyalılarımızın dövlət başçısının yürütdüyü siyasətə dəstəyi kimi dəyərləndirib.

Daha sonra institutun elmi katibi tarix üzrə fəlsəfə doktoru Ellada Bəkirova iclas iştirakçılarını institutun illik fəaliyyəti ilə bağlı hesabatla tanış edib. O, Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və sərəncamlarının, habelə Dövlət proqramlarının icrası ilə əlaqədar elmi müəssisəyə tapşırılmış işlərin yerinə yetirilməsi haqqında məlumat verib.

Ellada Bəkirova  bildirib ki, Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları baş elmi-tədqiqat planına uyğun olaraq “Azərbaycanda arxeoloji və antropoloji tədqiqatlar” elmi istiqaməti üzrə tədqiqat işləri aparıblar. Bu elmi tədqiqat işlərinə 4 problemi əhatə edən 15 mövzu, 56 işi daxildir və əksər mövzular üzrə işlər plana uyğun olaraq aparılıb.

Onun sözlərinə görə, hesabat ilində arxeoloji, antropoloji və kəşfiyyat xarakterli tədqiqatları əhatə 40-a yaxın ekspedisiya təşkil olunub. Cari ildə institut əməkdaşları işğaldan azad olunmuş Zəngilan, Ağdam, Füzuli, Xocalı, Xocavənd, Kəlbəcər rayonları ərazisində, eyni zamanda İmişli, Ağstafa, Astara, Şəmkir, Tovuz, Goranboy, Şabran, Ağsu, Şamaxı, Qəbələ, Yardımlı, Cəlilabad, Quba, Abşeron, həmçinin Naxçıvan MR ərazisində Ordubad, Kəngərli rayonlarında arxeoloji və antropoloji tədqiqatlar aparıblar. Tədqiqatların xeyli hissəsi işğaldan azad olunmuş rayonların payına düşüb. Bu qazıntı işlərinin bir hissəsi institutun bağladığı beynəlxalq müqavilələrə əsasən müştərək beynəlxalq ekspedisiyalar tərəfindən  aparılıb.

O, Şəki “Yuxarı Baş”, Ağdam Şahbulaq, Siyəzən “Beşbarmaq”, İsmayıllı “Basqal”, Xocavənd “Tuğ” tədqiqatlarının Azərbaycan Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirildiyini xatırladıb. Qeyd edib ki, cari ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan “Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu”, Keşikçidağ Dövlət tarix- mədəniyyət qoruğu, Avey Dövlət tarix- mədəniyyət qoruğunun ərazisində də arxeoloji ekspedisiyalar fəaliyyət göstərib.

Elmi katib hesabat ilində “Paleolit dövrü, ilk insan və təbii mühit”, “Azərbaycanın mezolit, neolit və xalkolit dövrü abidələrinin arxeoloji tədqiqi”, “Naxçıvan arxeoloji abidələrində tədqiqatlar”, “İlk Tunc dövrü “Kür-Araz” mədəniyyəti tayfalarının mədəni tarixi icmal və lokal xüsusiyyətləri (e.ə. IV-III minilliklər)”, “Orta və son tunc dövrü abidələri, qədim yaşayış yerləri, kurqanlar, daş qutu və torpaq qəbirləri (e.ə. II minillik)”, “Dəmir dövrü qədim yaşayış yerləri və qəbir abidələri: İlk dövlətçilik”, “Albaniyanın maddi mədəniyyəti”, “Atropatenanın maddi mədəniyyəti”, “Azərbaycanın orta əsr şəhər yerləri”, “Xəzər arxeologiyası” mövzuları üzrə aparılan tədqiqatları diqqətə çatdırıb. O, həmçinin Azərbaycanda sosial-mədəni antropologiya, məhkəmə arxeologiyası, Azərbaycanın qədim və müasir əhalisinin antropoloji xüsusiyyətlərinin tədqiqi, eləcə də kəşfiyyat və monitorinq xarakterli digər tədqiqatlardan da bəhs edib.

Ellada Bəkirova 2025-ci ildə tətbiq olunmuş mühüm nəticələrdən, beynəlxalq əlaqələrdən, keçirilmiş tədbir və konfranslardan, institutun nəşriyyat fəaliyyətindən, elektron elmin vəziyyətindən, o cümlədən elmin populyarlaşdırılması, təbliği və təşviqi istiqamətində görülmüş işlərdən də danışıb.

O, müəssisənin beynəlxalq və yerli qrant layihələri barədə məlumat verərək bildirib ki, cari ildə Arxeologiya və Antropologiya İnstitutunda 2 əsas qrant layihəsi üzrə işlər davam etdirilib, institut əməkdaşları biri beynəlxalq olmaqla 4 yeni qrant layihəsinin qalibi olublar.

İnstitutda elmi kadr hazırlığı sahəsində görülən işlərdən də bəsh edən Ellada Bəkirova qeyd edib ki, 2025-ci ilin məlumatları üzrə Arxeologiya və Antropologiya İnstitutunda 11 nəfər fəlsəfə doktorluğu üzrə doktorant, 2 nəfər dissertant, 7 nəfər elmlər doktorluğu üzrə doktorant, 3 nəfər dissertant təhsil alır.

Elmi katib, həmçinin hesabat ilində institut əməkdaşlarının təltif və mükafatlarını diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən müəssisə əməkdaşı Mircavid Ağalarov 2025-ci il Gənclər üçün Prezident mükafatına layiq görülüb, Antropologiya şöbəsinin müdiri Əliağa Məmmədli və Çöl tədqiqatlarının monitorinqi və qiymətləndirilməsi şöbəsinin müdiri Təvəkkül Əliyev Azərbaycan elminin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif ediliblər.

Sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılıb. İnstitutun direktoru tarix üzrə fəlsəfə doktoru dosent Fərhad Quliyev fikir və təkliflərini bildirib, sualları cavablandırıb.

Sonda hesabatla bağlı akademik Nərgiz Axundova, professorlar Əsədulla Cəfərov, Hidayət Cəfərov, Kübra Əliyeva və AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin baş mütəxəssisi Aynur Günəşli çıxış edib, institutun illik fəaliyyəti yüksək dəyərləndirilib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023