AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunda Azərbaycan-Qırğızıstan münasibətlərinə dair kitab nəşr olunub
Dec 05, 2025 | 10:36 Yeni nəşrlər

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin baş elmi işçisi siyasi elmlər doktoru, dosent Adil Mirabdullayevin “Azərbaycan-Qırğızıstan münasibətləri müasir beynəlxalq əlaqələr kontekstində” kitabı çapdan çıxıb.

Monoqrafiyada Azərbaycan və Qırğızıstanın beynəlxalq aləmdə apardıqları uğurlu siyasət müqayisəli şəkildə tədqiq edilib, onların bir çox ölkə və təşkilatlarla əlaqələrinin proqnozlaşdırılması işıqlandırılıb. Sovet İttifaqının dağılmasından sonra və müstəqillik əldə olunan dövrdə Azərbaycan və Qırğızıstanın milli xüsusiyyətləri və xarici siyasəti təhlil edilərək, milli dövlətin formalaşması yolunda maneələrin uğurla aradan qaldırılmasına təsir edən əsas vektorlar müəyyən edilib. Monoqrafiyada müstəqillik əldə edildikdən sonra Azərbaycan və Qırğızıstanın suverenliyinin inkişaf yollarının əsas istiqamətləri və xarici siyasətinin prioritetləri araşdırılır, müəyyən proqnozlar verilir.

Monoqrafiya giriş, 3 fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. “Müstəqillik əldə etmiş sovet respublikalarının beynəlxalq siyasi əlaqələrinin qurulması” adlı 1-ci fəsildə keçmiş rejimin müasir dövrdə beynəlxalq əlaqələrin qurulmnasına yönələn maneələri və onların aradan qaldırılması yolları, müstəqil dövlətlərin müasir dövrdə etibarlı beynəlxalq münasibətlər qurmasını səciyyələndirən şərtlər barədə bəhs edilir. “Regional beynəlxalq münasibətlərin qurulmasında Azərbaycan və Qırğızıstan Respublikalarının təcrübəsi” adlı 2-ci fəsildə bunu hər iki respublikada müasir dövrdə səciyyələndirən şərtlər, bu ölkələrin geo-siyasi münasibətləri və onu şərtləndirən amillər nəzərdən keçirilir. “Qloballaşan dünyada hər iki respublikanın strategiyası və taktikası” adlı 3-cü fəsildə Avropanın təklifləri kontekstində Azərbaycanın və Qırğızıstanın siyası aktor kimi davranışı, qloballaşan dünyada hər iki respublikanın tutduğu siyasi xətt və ona geo-siyasi güclərin münasibəti kimi məsələlərə toxunulur, Azərbaycan və Qırğızıstanın perspektiv beynəlxalq əlaqələr kursu inteqrativ münasibətlər kontekstində araşdırılır.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023