AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Qarabağ müharibələrinin sosial-mədəni təsirləri elmi tədqiqat mövzusunda
Oct 20, 2025 | 13:46 Yeni nəşrlər

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda hazırlanmış “Birinci və İkinci Qarabağ müharibələri: Azərbaycanın erməni işğalçıları üzərində qələbəsinə etnoloji baxış” adlı elmi monoqrafiya nəşr olunub.

Monoqrafiyada XX əsrin sonu və XXI əsrin əvvəllərində baş vermiş Birinci və İkinci Qarabağ müharibələrinin Azərbaycan xalqının məişətinə, ailə dəyərlərinə və sosial həyatına gətirdiyi dərin izlər etnoloji baxımdan təhlil olunur. Müəllif tədqiqatını bədii ədəbiyyat nümunələri, dövrü mətbuat materialları, eləcə də müharibə iştirakçılarının və şəhid valideynlərinin xatirələri əsasında aparıb.

Kitab giriş, iki fəsil və nəticə hissələrindən ibarətdir.

Girişdə Qarabağ bölgəsinin tarixi, 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, erməni əhalisinə muxtariyyət verilməsi və bu prosesin sonrakı siyasi nəticələri əks olunub. Birinci fəsildə Birinci Qarabağ müharibəsinin faciəvi nəticələri, ikinci fəsildə isə 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası, qəhrəmanlıq və milli birliyimizin təntənəsi tarixi-etnoloji baxışla təsvir edilir.

Monoqrafiya Qarabağ mövzusunu yalnız hərbi-siyasi yox, həm də insani və mədəni müstəvidə təqdim etməsi ilə seçilir və Azərbaycan xalqının mübarizə ruhunun elmi təsdiqi kimi dəyərləndirilir.

“Parlaq imzalar” nəşriyyatında çap edilən 312 səhifəlik kitab institutun Elmi şurasının qərarı ilə oxuculara təqdim olunub.

Əsərin elmi redaktoru tarix elmləri doktoru, professor Şirin Bünyadova, rəyçiləri isə tarix üzrə fəlsəfə doktorları, dosentlər Şövqi Həsənov və Xəliyəddin Xəlillidir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023