AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Qarabağ düzənliyində Azərbaycan-Almaniya beynəlxalq arxeoloji ekspedisiyasının yeni kəşflərinə həsr edilmiş elmi seminar keçirilib
Oct 13, 2025 | 10:12 Konfranslar, iclaslar

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda “Qarabağ düzənliyi e.ə. IV-III minilliklərdə: yeni anlayışlar” mövzusunda elmi seminar keçirilib.

İnstitutun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev tədbiri açaraq bildirib ki, institut apardığı tədqiqatların nətiсələri barədə elmi seminarların təşkili ənənəsini davam etdirməkdədir. Hal-hazırda keçirilən elmi seminar institut ilə Almaniya Arxeologiya İnstitutunun ortaq tədqiqat layihəsinin nəticələrinə həsr edilib.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun Neolit və Xalkolit dövrü arxeologiyası şöbəsinin müdiri, t.ü.f.d., dosent Xəqani Alməmmədovun və tərəfdaşımız olan Almaniya Arxeologiya İnstitutunun əməkdaşı Mark İserlisin və həmrəhbər olduqları beynəlxalq ekspedisiya artıq bir neçə ildir ki, Qarabağ ərazisində xalkolit (eneolit/mis-daş) dövrü abidələrində arxeoloji tədqiqat aparırlar. Tədqiqat multidisiplinar xarakterlidir, qarşıda biz müxtəlif yönlü laborator analizlərin cavablarını gözləyirik” – deyə Fərhad Quliyev bildirib.

Arxeologiya və Antropologiya İnstitutunun Neolit və Xalkolit dövrü arxeologiyası şöbəsinin müdiri t.ü.f.d., dosent Xəqani Alməmmədov çıxışında seminarın mövzusuna keçərək bildirib ki, onların apardığı tədqiqatlar əsasən e.ə. IV – III minilliyə aid abidələri əhatə edir. Bu dövr əsasən Leylatəpə, Kür-Araz və Bedeni adı ilə tanıdığımız arxeoloji mədəniyyətlərin Cənubi Qafqazda yayılması ilə xarakterizə olunur. X.Alməmmədov sözünə davam edərək xalkolit dövrü Leylatəpə mədəniyyətini kəşf etmiş mərhum professor İdeal Nərimanovun apardığı tədqiqatlardan söz açıb. Tədqiqatçının sözlərinə görə, 2010-cu ildən etibarən bir neçə mərhələli sistematik tədqiqatlar aparılıb. Bu mərhələlərdə Leylatəpə keramikası üzərində müxtəlif xarakterli laborator analizlər aparılıb və nəticələr həmdövr Mesopotamiya və Maykop (Şimali Qafqaz) materialları ilə müqayisə edilib, tədqiqatlar nəticəsində Qarabağın işğal edilməmiş ərazilərində 310-dan yuxarı abidə qeydə alınıb və xəritələşib. “2022-ci ildə biz Almaniya Arxeologiya İnstitutu ilə “Qarabağın Leylatəpə fenomeni” adlı tədqiqat layihəsi üzrə müqavilə bağlayıb tədqiqatlara başladıq” – deyə X.Alməmmədov qeyd edib.

Daha sonra Almaniya Arxeologiya İnstitutunun əməkdaşı doktor Mark İserlis söz alaraq bildirib ki, Qarabağ düzündə xalkolit abidələrinin müəyyən edilməsi dünya arxeologiyasında hələ də dərindən öyrənilməmiş və eyni zamanda böyük elmi əhəmiyyətə malik bir mövzudur. Layihə çərçivəsində Leylatəpə, Sarıcalı-2 (Ağdam rayonu) və Canavartəpə (Ağcabədi rayonu) abidələri tədqiq edilir. M.İserlis “Leylatəpə fenomeni” anlayışının mahiyyətinin dəqiqləşdirilməsi, xronoloji çərçivələrin regiona görə müəyyənləşdirilməsi kimi məsələlərin onların qarşısında durduğunu bildirdi. Qeyd edildi ki, Leylatəpə maddi mədəniyyətinin sistematik təsviri, sistemləşdirilmiş tarixlənməsi yoxdur. Leylatəpə və Sarıcalı-2 abidələrinin təsərrüfat işləri zamanı ciddi ziyan çəkməsinə baxmayaraq müəyyən edildi ki, Canavartəpə abidəsi onlardan öz memarlığına, dəfnlərin çoxluğuna və d. parametrlərinə görə fərqlənir. 

Doktor Mark İserlis Canavartəpə abidəsində mühüm kəşflərdən biri kimi kretulaların tapılmasını vurğuladı. Kretula – qablarda və ya kisələrdə saxlanılan əşyaların, ərzaqların toxunulmazlığını göstərən gil plombdur. Plomblara, üzərində zoomorf (məsələn, quş, maral və s.) təsvirlər olan möhürlər vurulurdu. Kretulalar artıq ticarət əlaqələrində inzibati nəzarət təsisatının olmasını göstərməkdədir.

Canavartəpə abidəsində erkən tunc dövründə Kür-Araz və Bedeni arxeoloji mədəniyyətlərinə aid qəbirlər də aşkar olunub. Ən maraqlı məlumatlar əsasən Almaniyada aparılan laborator arxeometrik tədqiqatlardan əldə edilmişdir. Məlum olmuşdur ki, qoyun, iri buynuzlu qaramal, keçi və donuz əsas zülal mənbələri idilər. Əhali maral və ceyranları da ovlayırdı. Arxeobotanik tədqiqat buğdanın və arpanın məskənə üyüdüldükdən sonra gətirilməsini göstərir. Həmçinin, xiyar (Luffa cylindrica L.) və yemiş (qovun) (Cucumis melo L.) toxumu qalıqları aşkar edilmişdir. Digər tərəfdən, kömürləşmiş qida qalığının analizi xalkolit əhalisinin əsasən arpa və buğdadan hazırlanmış sıyıqlarla qidalandığını göstərməkdədir. Leylatəpə, Kür-Araz və Bedeni mədəniyyətlərinə aid insan qalıqlarının izotop, radiokarbon və genetik analizləri aparılmaqdadır.

Daha sonra Xəqani Alməmmədov və Mark İserlis seminar iştirakçılarının suallarını cavablandırıblar.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023