AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şəhid arxeoloq Elşən Salayevin xatirəsinə həsr olunmuş tədbir keçirilib
Sep 27, 2025 | 14:40 Konfranslar, iclaslar

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda 27 sentyabr – Anım Günü ilə əlaqədar olaraq Vətən müharibəsində şəhid olmuş arxeoloq Elşən Salayevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbir ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunun sükutla yad edilməsi ilə başlayıb. Ardınca AMEA Arxeologiya və Antropologiya  İnstitutun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev çıxış edərək 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixində önəmli bir hadisə olmasından, dünya çapında dövlətimizin və xalqımızın iradəsini və nüfuzunu təsbit etməsindən danışıb. “Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun azad etdiyi torpaqlarımızda institut əməkdaşlarının apardığı tədqiqatlar şəhidlərimizin ruhu qarşısında yerinə yetirdiyimiz vəzifə borcumuz və onların xatirəsinə bir ithafdır”, - deyə Fərhad Quliyev çıxışında vurğulayıb.

Daha sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Mircavid Ağalarov söz alaraq şəhid Elşən Salayevin həyatı və elmi fəaliyyəti barədə tədbir iştirakçıları qarşısında çıxış edib. Çıxışında M.Ağalarov şəhid Elşən Salayaveyin elmə marağını, gələcək üçün planlarını və vətənpərvərliyini xüsusi vurğulayaraq onun ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edildiyini bildirib. “Qədim Bərdədəki Torpaqqala abidəsində aparılan arxeoloji qazıntılarda Elşən elə böyük hörmət qazanmışdı ki, hətta şəhid olduqdan sonra arxeoloji araşdırmada iştirak edən İrlandiyanın Dublin Universitetinin əməkdaşı David Stone İngiltərədə Oksford Universitetində müdafiə etdiyi dissertasiyasını onu xatirəsinə həsr etmişdi”, - deyə Mircavid Ağalarov bildirib.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin professoru Lalə Əliyeva şəhid Elşən Salayevi zəhmətkeş, perspektivli tələbə kimi xatırladığını deyib və onun Vətənə sarsılmaz bağlılığından danışıb. Professor Lalə Əliyeva vurğulayıb ki, ingilis dilini sərbəst bilən Elşənin arzusu arxeologiya üzrə təhsilini Avropa elmi mərkəzlərinin birində davam etdirib, Azərbaycanda arxeoloji tədqiqatlarda iştirak etmək idi.

Tədbir iştirakçıları yekdilliklə yaxın gələcəkdə şəhid Elşən Salayevin xatirəsini yaşadacaq gənc arxeoloqlar üçün mükafatın təsis edilməsi təşəbbüsünü dəstəkləyiblər.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023