Sep 15, 2025 | 19:30 Konfranslar, iclaslar
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu və “Qədim Şəmkir şəhəri” Dövlət Tarix - Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə Zoom platforması üzərində “Tarixin izində: Yeni arxeoloji qazıntıların nəticələri” adlı seminar keçirilib.
Seminarda Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı tarix elmlər doktoru, professor Tarix Dostiyev, Arxeologiya və Antropologiya İnstitutunun kiçik elmi işçisi Zümrüd İmanova çıxış ediblər.
Seminarı giriş sözü ilə qoruğun direktoru Nurlan Həsənov açıq elan edib. O, Qədim Şəmkir Şəhər yerinin tarixindən, aparılan arxeoloji qazıntılardan və elmi - tədqiqat işlərindən, eyni zamanda ötən illərin arxeoloji statistikasından ətraflı söhbət açıb.
Sonra söz arxeoloji ekspedisiyanın rəhbəri professor Tarix Dostiyevə verilib. O, arxeoloji qazıntıların gedişatı və nəticələri haqqında çox mühüm məsələlərə toxunub. Qədim Şəmkir Şəhər yerinin dünya əhəmiyyətli, unikal bir abidə, çox qədim yaşayış məskəni olduğunun sübutlarını xüsusilə vurğulayıb. Tarix Dostiyev qazıntılar zamanı aşkarlanan maddi-mədəniyyət nümunələri və yaşayış yeri olan mətbəx kompleksi, təndirxanalar və ocaq yerləri barədə məlumat verib və bu məkanın daha qədim tarixə malik olmasını diqqətə çatdırıb. Həmçinin 2025-ci ilin arxeoloji qazıntılarının böyük elmi əhəmiyyət daşımasını qeyd edib.
AMEA-nın kiçik elmi işçisi Zümrüd İmanova da arxeoloji qazıntılarda ilk dəfə iştirak etməsindən və ekspedisiyanın gördüyü maraqlı və çətin işlərindən danışıb. Bu qazıntıda iştirakın onun elmi təcrübələrində xüsusi rolu olduğunu da məxsusi olaraq göstərib.


