Sep 11, 2025 | 16:32 Konfranslar, iclaslar
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Muğamın fəlsəfəsi: Üzeyir Hacıbəyli, Asif Əfəndiyev, Bəxtiyar Vahabzadə” mövzusunda dəyirmi masa keçirilib.
Toplantını giriş sözü ilə institutun direktoru professor İlham Məmmədzadə açaraq tədbirin mövzusunun əhəmiyyətindən bəhs edib, Azərbaycanın mədəniyyət incilərindən olan muğamın həm musiqi janrı, həm də fəlsəfi-estetik düşüncə sistemi kimi dəyərləndirildiyini bildirib.
İ.Məmmədzadə Prezident cənab İlham Əliyevin 3 fevral 2025-ci il tarixli “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” və 21 fevral 2025-ci il tarixli “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamlarını xatırladaraq, sözügedən Sərəncamların icrasını təmin etmək məqsədilə AMEA-nın Tədbirlər planının hazırlanaraq təsdiq olunduğunu vurğulayıb. O, Tədbirlər planına əsasən AMEA-nın bütün elmi müəssisə və təşkilatlarında hər iki görkəmli şəxsiyyətin həyat və yaradıcılığına dair müxtəlif mövzularda tədbirlərin keçirildiyini, kitab və monoqrafiyaların nəşr edildiyini söyləyib. Fəlsəfə və Sosiologiya İnstitutunda da bu istiqamətdə seminar və konfransların təşkil edildiyini deyən professor İlham Məmmədzadə bugünkü tədbirin AMEA-nın Tədbirlər planına əsasən gerçəkləşən növbəti toplantı olduğunu diqqətə çatdırıb.
Professor İlham Məmmədzadə bütün ömrünü xalqının mədəniyyətinin, musiqisinin, təhsilinin və elminin inkişafına həsr etmiş dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığından söz açaraq, onu müasir Azərbaycan musiqişünaslığının əsasını qoyan, ölməz əsərləri ilə dünya musiqi xəzinəsini zənginləşdirən parlaq tarixi şəxsiyyət kimi səciyyələndirib.
O, həmçinin Xalq şairi Bəxtiyar Vahabzadə irsi ilə bağlı fikirlərini bölüşüb, Ulu Öndər Heydər Əliyevin görkəmli şairə daim böyük hörmət bəslədiyini bildirib. Vurğulayıb ki, dahi liderin Azərbaycançılıq ideologiyasının həyata keçirilməsinə Bəxtiyar Vahabzadə şərəflə xidmət edib. Şairin dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılayıb.
Görkəmli Azərbaycan filosofu Asif Əfəndiyevin yaradıcılığına da nəzər salan İlham Məmmədzadə onun ədəbi-tənqidi-fəlsəfi səpkidə qələmə aldığı və indiki çağda da tənqid tariximizin maraqlı səhifəsini təşkil edən məqalələrini diqqətə çatdırıb. O, Asif Əfəndiyevin fəlsəfədən ədəbiyyata və eyni zamanda, ədəbiyyatdan fəlsəfəyə keçid kimi səciyyələndirilən bir ortaq nöqtəyə üz tutduğunu bildirib.
Daha sonra Fəlsəfə və Sosiologiya İnstitutunun Estetika şöbəsinin müdiri professor Adil Əsədov “Muğamın fəlsəfəsi: Üzeyir Hacıbəyli, Asif Əfəndiyev, Bəxtiyar Vahabzadə” mövzusunda məruzəsini təqdim edib. Məruzəçi gənc yaşlarında fəlsəfə elminə marağının artırılmasında Bəxtiyar Vahabzadə və Asif Əfəndiyevin böyük rolu olduğunu söyləyib.
Professor Adil Əsədov muğamın özlüyündə bir fəlsəfə olduğunu və dinləyicisində fəlsəfi hisslər yaratdığını bildirib. Qeyd edib ki, dahi bəstəkar Üzeyir Hacıbəyli bu möhtəşəm musiqinin yaratdığı fəlsəfi yaşantını rasional fəlsəfə məzmununa transformasiya edərək Azərbaycan muğamları ilə bağlı ilk fundamental konsepsiyanı yaradıb: “Üzeyir Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları” adlı əsərində muğamlarımızı belə bir ardıcıllıqla təqdim edib: Rast, Şur, Segah, Şüştər, Çahargah, Bayatı-Şiraz və Humayun. Onun təqdimatında Rast - mərdlik və gümrahlıq ifadəçisi, Şur - şən lirik əhvali-ruhiyyə, Segah - məhəbbət, Şüştər - dərin kədər, Çahargah - həyəcan və ehtiras, Bayatı-Şiraz - qəmginlik, Humayun isə daha dərin kədər ifadəçisidir. Göründüyü kimi, bu ardıcıllıq mərdlik və gümrahlıq əhvali-ruhiyyəsinin musiqidə ifadəçiliyindən başlayır, dərin kədər ifadəçiliyində isə başa çatır”.
Məruzəçi bildirib ki, muğamlarımızın fəlsəfi mənalandırılması istiqamətində ikinci addımı Xalq şairi Bəxtiyar Vahabzadə atıb. Onun təqdim etdiyi muğam sırası belədir: Şur, Çahargah, Segah və Rast. Muğamın göstərilən bu dörd tərkib hissəsini ayrı-ayrılıqda bədii və fəlsəfi təhlil edən Bəxtiyar Vahabzadə həmin təhlilin nəticəsi olaraq möhtəşəm “Muğam” poemasını qələmə alıb.
Onun sözlərinə görə, muğamlarımızın fəlsəfi mənalandırılması istiqamətində növbəti addım filosof alim Asif Əfəndiyev tərəfindən atılıb. Özünəməxsusluğu ilə seçilən görkəmli filosof muğamlarımızı başqa bir ardıcıllıqla təqdim edib: Çahargah, Segah, Bayatı-Şiraz, Bayatı Kürd, Şur, Qatar və Rast. O, “Qəm və üsyan” adlı essesində muğamın sədalarını fəlsəfi ahənglər kimi səciyyələndirib.
Professor Adil Əsədov qeyd edib ki, muğam zaman və məkan baxımından reallıqdan tam uzaqlıqda qalan, lakin reallığı özünə doğru yüksəltməli olan idealın yaratdığı yaşantını imitasiya edir. O, Üzeyir Hacıbəylinin irəli sürdüyü təsnifat sxeminə istinad edirək muğamların ardıcıllıq sxemini təqdim edib: Rast, Humayun, Şüştər, Segah, Şur, Çahargah və Bayatı-Şiraz.
Professor Adil Əsədov muğamlarımızın ayrı-ayrılıqda fəlsəfi mənalandırması ilə bağlı mülahizələrini diqqətə çatdırıb. Vurğulayıb ki, ciddi musiqi, o cümlədən də muğam insan həyatını mənasızlıq əzabından xilas edən qüdrətə malikdir. Bu nöqteyi-nəzərdən, ciddi musiqi də özünəməxsus bir fəlsəfədir. Fəlsəfə kimi o da, insan həyatını mənasızlıq zülmündən xilas edə bilir.
Tədbirdə prof. Rafail Əhmədli, t.e.d. Eynulla Mədətli, f.ü.f.d, dos. Mətanət Şəkixanova, fil.ü.f.d., dos. Firudin Qurbansoy və f.ü.f.d., dos. Radif Mustafayev çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.


