AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutu səmərəli fəaliyyətini yüksələn istiqamətdə davam etdirməkdədir
Jul 08, 2025 | 10:30 Mühüm hadisələr

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu səmərəli fəaliyyətini yüksələn istiqamətdə davam etdirməkdədir. 2025-ci ilin ötən 6 ayı ərzində şərqşünas alimlər aktual və əhəmiyyətli mövzularda tədqiqatlarını davam etdirməklə yanaşı, bir sıra kitabların nəşri, ölkə daxilində və xaricində çoxsaylı məqalə çapı, konfranslarda iştirakları ilə seçiliblər. İnstitutun beynəlxalq əlaqələri də inkişaf edir.

Cari ilin I yarısında Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilib. 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi ilə bağlı “Milli mübarizəmizin məntiqi nəticəsi - Konstitusiya və Suverenlik” mövzusunda respublika konfransı, “Elm günü”nə həsr olunmuş “Milli kimliyin formalaşmasında elmi tərəqqinin rolu” adlı tədbir keçirilib.

İnstitutda elmi tədqiqatların  icrası sahəsində 1 elmi istiqamət, 5 problem çərçivəsində aparılan 111 elmi-tədqiqat işi ilin sonunda başa çatacaq. Bu tədqiqatların sırasında  “Cümhuriyyət Xalq Partiyasının Türkiyə siyasətində yeri və rolu (2003-2023-cü illər)”, “NATO çərçivəsində beynəlxalq terrorizmə qarşı mübarizədə Türkiyə və ABŞ-ın əməkdaşlığı”, “Böyük coğrafi kəşflər və Orta Şərq və Azərbaycan üzərindən keçən ticarət yolları”, “Bir kəmər-bir yol” layihəsi çərçivəsində Azərbaycan-Çin əməkdaşlığının inkişafında prezident İlham Əliyevin rolu”, “Uyğurların İslama qədərki  siyasi və mədəni həyatı”, “İraq türkmanlarının tarixi təkamülü”, “Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında siyasi münasibətlər”, “Müstəqillik dövründə Azərbaycan-Qırğızıstan əlaqələri (1991-2021)”, “Azərbaycanca-farsca və farsca-Azərbaycanca tibb terminləri lüğəti”, “Təsəvvüfün Azərbaycanda və Azərbaycan ədəbiyyatında yeri”, “Xaqani Şirvaninin divanının dil xüsusiyyətləri”, “İsmayıl Qaspiralı yaradıcılığı milli dəyər­lər kontekstində”, “Türk tarixi romanlarında vətənpərvərlik ideyalarının tərənnümü”, “Klassik ərəb ədəbiyyatında ədəbi məktəblərin rolu”, “Ərəbdilli mətbuatda İraq-türkman şair və ədiblərinin fəaliyyəti”, “Nəcməddin Razinin “Mirsadül-ibad” (Abidlərin yolu) əsəri orta əsr farsdilli ədəbiyyatının mənbəsi kimi”, “XV-XVI əsrlərdə türk ədəbiyyatında məsnəvi janrı”, “Şuşa kitabələrindəki yazıların şərhi və linqvistik təhlili”, “Səfəvilər dövrü dövlət-din münasibətləri”, “Səmavi dinlərdə birgəyaşayış mədəniyyəti və təcrübəsi”, “Avropa qonşuluq siyasətində enerji faktoru Azərbaycan nümunəsində”, “Müharibə və postmüharibə dövrlərində ingilisdilli Qərb mediasında Azərbaycanın mövqeyinin əks olunması”, “Şərqlə Qərbi birləşdirən “Tarixi İpək Yolu” və beynəlxalq nəqliyyat dəhlizli kimi Azərbaycanın mühüm rolu”, “Zəngəzur dəhlizi məsələsində İsrailin strategiyası və onun Şərq-Qərb kontekstində təhlili”, “Türk Dünyası və ideoloji diskurs: müasir nəzəri yanaşmalar”, “Azərbaycanda Şərqşünaslıq elminin yaranması və inkişafı tarixi”, “Səfəvilər dövlətində hüquq sistemi”, “İran ictimai-siyasi həyatında Azərbaycan əsilli qanunvericilərin rolu (1925-1979-cu illər)”, “İran İslam Respublikasında Azərbaycanşünaslığın əsas istiqamətləri”, İranın sosial-iqtisadi strukturunda Cənubi Azərbaycanın yeri (1947-1979-cu illər)”, “İran İslam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ (2005-2020-ci illər)” və s. maraqlı mövzularda elmi tədqiqat işlərinin cari ilin birinci yarısı üçün nəzərdə tutulan hissəsi yerinə yetirilib və ilin sonunda bitməsi gözlənilir.

Bu ilin 6 ayında institutda 14 kitab çap edilib, 7 kitab hazırda çapdadır. Çap olunanlar akademik Ziya Bünyadovun seçilmiş əsərlərinin 1-ci (“Azərbaycan VII-IX əsrlərdə”) və 2-ci (Azərbaycan Atabəyləri dövləti”) cildləri, akademik Gövhər Baxşəliyevanın “Книга песен” Абу-л-Фараджа ал-Исфахани и классическая азербайджанская литература”, Səriyyə Gündoğdunun “XIX  əsrdə yeni türk ədəbiyyatının yaranması və inkişafı”, Rəna Rzayevanın “Munisnamə” təsəvvüf ədəbiyyatının nümunəsi kimi”, Xuraman Əliyevanın Aida İmanquliyeva Ərəb məhcər ədəbiyyatının tədqiqatçısı kimi”, Məryəm Seyidbəyli, Elxan Quliyev və Röya Mirzəbəyovanın “Fəzlullah Nəimi və hürufilik hərəkatı”, Ülkər Səmədovanın “Tənzimat dövrü türk nəsrinin formalaşmasına Qərb ədəbiyyatının təsiri”, Sevinc Nuriyevanın “Şumer ədəbiyyatı və Azərbaycan”, Səadət Şıxıyevanın “XIX əsr Qarabağ Divan ədəbiyyatı (ənənə və yenilik kontekstində)” monoqrafiyaları, Elman Quliyevin  “Türk xalqları ədəbiyyatı” dərsliyi, “Professor Vilayət Cəfərov. Ömür yolu, elmi irsi, yaddaşlarda qalan izi” adlı kitab, “Şərq ədəbi-filoloji fikir tarixində Məhəmməd Füzulinin yeri” adlı və “Şərq-Qərb kontekstində mədəniyyətlərin dialoqu” adlı məqalələr toplularıdır. Eləcə də Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” mövzusunda beynəlxalq elmi konfransın materialları”, “Şərq araşdırmaları” elmi-nəzəri jurnalı və “Şərq filologiyası məsələləri” məqalələr toplusunun növbəti buraxılışları işıq üzü görüb.

Ötən yarımildə institutun əməkdaşları ölkədə keçirilən 25 respublika və 73 beynəlxalq səviyyəli elmi konfranslarda, eləcə də xaricdə (Türkiyə, Özbəkistan, Qazaxıstan, Ukrayna, Rusiya, Rumıniya, İraq, Polşa, Moldova) keçirilən 20 beynəlxalq konfransda iştirak ediblər, onların ölkə daxilində 75 məqalə, 27 tezisi, xaricdə  isə 16 məqalə və 13 tezisi çap olunub.  

İnstitutun beynəlxalq əlaqələrinin həyata keçirilməsi istiqamətində Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsinin sədrinin birinci müavini, ilahiyyat elmləri doktoru, professor Damir Muxetdinovla görüş və “İslah və təcdid” kitabının təqdimatını qeyd etmək olar.

İnstitutda ötən dövrdə “Milli mübarizəmizin məntiqi nəticəsi - Konstitusiya və Suverenlik” mövzusunda respublika konfransı, “Müasir cəmiyyətdə və elmdə qadının rolu” mövzusunda elmi konfrans, “Cavad Heyət - Cənubi azərbaycanlıların mədəni-mənəvi varlığının təcəssümü kimi” mövzusunda, eləcə də professor Fərid Ələkbərlinin yaradıcılığına həsr olunmuş elmi sessiyalar keçirilib.

Həmçinin İnstitutda keçirilən tədbirlər sırasında “Qəhrəmanlıq mübarizəmizin silinməz səhifəsi – 20 Yanvar”, “Müasir Azərbaycan gəncləri: reallıqlar, perspektivlər”, “Xocalı qətliamı - XX əsrdə xalqımıza qarşı bəşəri cinayət”, “Milli kimliyin formalaşmasında elmi tərəqqinin rolu”, “Çoxəsrlik tariximizin Heydər Əliyev zirvəsi”, YAP Neftçala rayon təşkilatı ilə birgə Neftçalada “Suveren Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” adlı tədbirləri qeyd etmək olar.

Müasir dövrün tələbatlarına uyğun olaraq, İnstitut əməkdaşlarının beynəlxalq elektron resurslara çıxışı genişləndirilir. Nəticədə əməkdaşların elmmetrik bazalarda məqalələrinin və onlara istinadların da sayı sürətlə artmaqdadır. Google Scholarda institut əməkdaşlarının məqalələrin sayı 1309, istinadların sayı 767, “ResearchGate”də müvafiq olaraq 225 və 40, “Academia.edu”da 360 və 210, “Scopus”da 23 və 7-dir.

İnstitutda fəaliyyət göstərən Müdafiə Şurasında “Türk xalqları ədəbiyyatı” ixtisası üzrə 1 elmlər doktorluğu, 2 fəlsəfə doktorluğu, “Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı)” ixtisası üzrə 1 fəlsəfə doktorluğu olmaqla, ümumilikdə 4 dissertasiya müdafiə edilib.

6 ay ərzində görülən işlər Şərqşünaslıq İnstitutunun 2025-ci ili yüksək nəticələrlə başa vuracağını düşünməyə əsas verir.

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023