AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Qərbi Azərbaycanın əhalisinin doğma torpaqlarına qayıtmasının hüquqi əsasları” mövzusunda seminar keçirilib
Jul 07, 2025 | 12:45 Konfranslar, iclaslar

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Azərbaycan  Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Tətbiqi Tədqiqatlar Fondunun reallaşdırdığı “Qərbi Azərbayca qayıdış haqqı” layihəsi çərçivəsində “Qərbi Azərbaycanın əhalisinin doğma torpaqlarına qayıtmasının hüquqi əsasları” mövzusunda seminar keçirilib.

Seminarın açılışında çıxış edən Tarix və Etnologiya İnstitutunun direktor müavini tarix elmləri doktoru, dosent İlqar Niftəliyev bu tədbirin günümüzün aktual probleminə həsr edildiyini vurğulayıb. Azərbaycanın öz dövlət suverenliyini bərpa etməsi, ölkəmizin böyük regional və ümumdünya miqyaslı problemlərin həllində qlobal uğurlarından danışıb.

Layihənin rəhbəri İbrahim Əliyev məruzəsində Cənubi Qafqazda Rusiya imperiyasının yeritdiyi siyasətinin mahiyyətinə və nəticələrinə diqqət yönəldib, bu siyasətdə erməni amilinin oynadığı rolu bir daha əyani şəkildə, konkret faktlarla işıqlandırıb. Xüsusi olaraq göstərib ki, ermənilərin regiona məqsədyönlü şəkildə köçürülməsi vaxtından və  dövlət quruluşundan asılı olmayaraq dönmədən aparılıb. Bildirib ki, Rusiya imperiyası, sovet dövləti və hazırkı Rusiya Federasiyasının siyasətində elə bir ciddi fərq olmayıb. Məruzədə qeyd olunub ki, Cənubi Qafqazın erməniləşdirilməsi, azərbaycanlıların öz doğma yurdlarından didərgin salınması tariximizin ən ağrılı məsələrindən biridir. Ölkəmizin işğalı, onun iki imperiya arasında bölüşdürülməsindən sonra işğalçıların Azərbaycanın dövlətçiliyinin məhv edilməsinə, onun azadlıq ruhunun qırılmasına, müstəqillik iradəsinin məhv edilməsinə yönəlmiş məqsədyönlü siyasəti tarixdə qara zolaq kimi keçir. İmperiyanın hər addımı, qərarı, həyata keçirilən məkrli siyasət burada ağalıqlarını əbədiləşdirmək məqsədinə xidmət edib.

Məruzəçi diqqəti Azərbaycan xalqının keçdiyi təkamül prosesinə yönəldib. Qeyd olunub ki, tarixə bütöv nəzər saldıqda biz xalqımızın düşdüyü bəladan qurtuluşu istiqamətində irəliləyişini görə bilərik. Həmin dövrün tarixini vərəqlədikcə bir birini əvəz edən mərhələlərin, dirşəliş prosesini görməmək mümkün deyildir. Bu təkamülün yekunu günümüzün reallığı olan Azərbaycan Respublikasının öz haqqlarını addım-addım təsdiq etməsidir. Məruzədə Azərbaycanın müasir dövrdə atdığı addımların əhəmiyyəti, o cümlədən əhalinin vaxtilə məhrum edildiyi doğma torpaqlarına qayıdışın hüquqi əsaslarının araşdırılması diqqət mərkəzinə gətirilib.

Müzakirələr zamanı tarix elmləri doktoru, professor Qasım Hacıyev, tarix üzrə fəlsəfə doktoru, professor Hacı Həsənov, tarix elmləri doktoru, professor Mais Əmrahov, tarix elmləri doktoru, dosent Ramil Ağayev, tarix üzrə fəlsəfə doktoru, dosent Sahibə Budaqova çıxışlarında problemin vacib məqamlarına toxunub, bu istiqamətdə aparılan tədqiqatların vacibliyini qeyd ediblər.

Çıxışlarda yeni dünya nizamının formalaşdığı indiki məqamda Azərbaycanın Prezidentin rəhbərliyi altında güclü bir xətt yeridildiyi vurğulanıb, onun uğurla nəticələnəcəyinə inam ifadə olunub.

Məruzə böyük diqqətlə dinlənilib, geniş müzakirələr aparılıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023