AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA və TÜBİTAK-ın birgə elan etdiyi layihə müsabiqəsinin nəticələri açıqlanıb
Jul 01, 2025 | 17:40 Mühüm hadisələr

Azərbaycan Milli Elmlər Akademiyasının islahatlar və yeniləşdirmə mərhələsində və 2024-cü ilin fevral ayında Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) ilə imzalanmış Əməkdaşlıq Protokolu çərçivəsində ilk müştərək layihə müsabiqəsi 6 avqust 2024-cü il tarixində elan edilib. Müsabiqə AMEA-nın elmi müəssisələrinin Türkiyənin universitetləri və tədqiqat institutlarından olan həmkarları ilə birlikdə urbanizasiya, şəhər və regional planlaşdırma (dayanıqlı şəhərlər), mədəniyyətlərarası qarşılıqlı əlaqə, dil birliyi, seysmologiya, rəqəmsal transformasiya, dairəvi iqtisadiyyat və inkişaf məsələlərini əhatə edən istiqamətlər üzrə birgə elmi layihələrin hazırlanması üçün geniş imkanlar yaradıb.

Müsabiqəyə AMEA-nın elmi müəssisələrinin, regional bölmə və mərkəzlərinin, Mərkəzi Elmi Kitabxanasının və Rəyasət Heyəti Aparatının alimləri tərəfindən Türkiyənin 10-dan çox elm və təhsil qurumunun mütəxəssisləri ilə birlikdə 20 müştərək layihə təqdim edilib. AMEA və TÜBİTAK tərəfindən həyata keçirilən texniki ekspertizadan uğurla keçmiş 15 layihə elmi ekspertizaya göndərilib. Hər bir layihə həm AMEA, həm də TÜBİTAK tərəfindən 2 müstəqil rəyçi, ümumilikdə 4 müstəqil ekspert tərəfindən qiymətləndirilib. 

Ekspertizanın nəticələrinə əsasən 4 layihə hər iki tərəfdən dəstəklənmək üçün seçilib. Bu layihələr AMEA Nəsimi adına Dilçilik İnstitutu ilə Ankara Universiteti, AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə Qaradəniz Texniki Universiteti, AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu ilə Ondoqquz May Universiteti, AMEA Memarliq və İncəsənət İnstitutu ilə Çanaqqala Onsekkiz Mart Universitetinin alimləri tərəfindən hazırlanmış tədqiqat işləridir. Layihələrin ümumilikdə 2 il müddətinə həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Milli Elmlər Akademiyası

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023