AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Tarix və Etnologiya İnstitutunda tələbələrin iştirakı ilə elmi diskussiya keçirilib
Mar 14, 2025 | 16:42 Konfranslar, iclaslar

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin təşkilatçılığı ilə “Birinci Qarabağ müharibəsinə baxış: elmi-nəzəri təhlil” mövzusunda elmi diskussiya keçirilib.

İclasda institutun əməkdaşları ilə yanaşı, burada təcrübə keçən Qərbi Kaspi Universiteti, Azərbaycan Universiteti, Bakı Slavyan Universitetinin tələbələri və Sumqayıt Dövlət Universitetinin magistrantları iştirak edib.

Tədbirdə çıxış edən institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev mövzunun əhəmiyyətindən danışıb və tələbələrin dünyagörüşünün genişlənməsində, bilik və təcrübələrinin artmasında belə diskussiyaların əhəmiyyətini vurğulayıb.

Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayev bildirib ki, Ermənistan-Azərbaycan müharibəsi tarixə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib, azərbaycanlılar etnik təmizləməyə, soyqırıma məruz qalıblar. Ermənistan-Azərbaycan müharibəsi nəticəsində 1 milyondan artıq soydaşımız məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil olub.

Tədbirdə tələbə və magistrantları maraqlandıran çoxsaylı suallara cavab verilib, müzakirələr aparılıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023