AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunda “Milli kimliyin formalaşmasında elmi tərəqqinin rolu” adlı tədbir keçirilib
Mar 14, 2025 | 15:42 Konfranslar, iclaslar

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 27 mart - “Elm günü”nə həsr olunmuş “Milli kimliyin formalaşmasında elmi tərəqqinin rolu” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, ölkəmizdə elmə böyük diqqət və qayğı göstərən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən təsis edilən “Elm günü”nün tarixi 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının yarandığı günə təsadüf edir. Akademik G.Baxşəliyeva qeyd edib ki, ölkəmizdə elmin sürətli inkişafı Azərbaycan Respublikasına rəhbərlik etdiyi həm sovet dövründə, həm də müstəqillik illərində elmə böyük qayğı göstərən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan elminin tarix boyu əldə etdiyi nailiyyətlərindən bəhs edən akademik G.Baxşəliyeva 67 illik mövcudluğu ərzində elmimizə böyük töhfələr verən Şərqşünaslıq İnstitutunda akademik Əbdülkərim Əlizadənin mətnşünaslıq, akademik Ziya Bünyadovun mediyevistika, akademik Həmid Araslının türkologiya, professor Aida İmanquliyevanın ərəbşünaslıq, professor Rüstəm Əliyevin iranşünaslıq məktəblərinin yarandığını, bu gün institutda çalışanların əksəriyyətinin bu böyük alimlərin bilavasitə şagirdləri və davamçıları olduğunu bildirib.

İnstitutun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Bayramova tədbirdə çıxış edərək, şərqşünas alimlərin elmə böyük töhfələr verdiklərini qeyd edib, onların beynəlxalq miqyasda öz sözlərini deyərək, elmimizi ölkəmizin hüdudlardan kənarlarda da layiqincə təmsil etdiklərini bildirib.

Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev bildirib ki, qədim tarixi və böyük ənənələri olan Azərbaycan elmi bu gün ölkəmizin hərtərəfli inkişafının hərəkətverici qüvvəsinə çevrilib. E.Mustafayev son illərdə ölkədə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində həyata keçirilən dövlət əhəmiyyətli tədbirlərdən bəhs edib.

İnstitutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə milli kimliyin formalaşmasında elmi tərəqqinin rolunu qeyd edərək, rəhbərlik etdiyi şöbədə bu istiqamətdə görülən işlərdən danışıb.

Tədbirdə həmçinin Mərkəzi Asiya ölkələri şöbəsinin baş elmi işçisi, siyasi elmlər doktoru, dosent Adil Mirabdullayev, Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Orxan Nəcəfov və başqaları çıxış edərək, Azərbaycan elminin tarixində Şərqşünaslıq İnstitutunun tutduğu yerdən danışıblar, institutun çoxsaylı kollektivinin əzmlə, böyük həvəslə çalışaraq milli şərqşünaslıq elmimizin şərəfli ənənələrini yaşatdığını, onu inamla yeni zirvələrə doğru apardığını bildiriblər.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023