
Mar 05, 2025 | 10:22 Konfranslar, iclaslar
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən “Elmi müzakirə qrupu” layihəsi çərçivəsində tədbir təşkil olunub.
Tədbirin məqsədi gənc tədqiqatçılar arasında elmi diskussiya mühitinin formalaşdırılması, təqdimat bacarıqlarının inkişaf etdirilməsi və elmi-tənqidi düşüncənin təşviq edilməsi idi.
Tədbir çərçivəsində institutun elmi işçisi, doktorantı Mircavid Ağalarov “Səlcuq dövrü Azərbaycan fayansları” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Səlcuq dövrünə aid fayans nümunələrinin sənətkarlıq və texnoloji xüsusiyyətləri, həmçinin onların Azərbaycan ərazisində yayılma arealı haqqında ətraflı məlumat verib. Tədbir iştirakçıları mövzu ətrafında aktiv müzakirələr aparıblar.
Təqdimatda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Zaur Həsənov, institutun elmi katibi t.ü.f.d., dosent Ellada Bəkirova və aparıcı elmi işçi t.ü.f.d. Pərviz Qasımov iştirak ediblər.
İştirakçılar bu cür elmi müzakirələrin gənc tədqiqatçılar üçün faydalı olduğunu və bu təşəbbüsün davam etdirilməsinin vacibliyini vurğulayıblar. “Elmi müzakirə qrupu” layihəsi çərçivəsində növbəti tədbirlərin də keçirilməsi planlaşdırılır.