AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Türkiyəli professor elmi seminar keçirib
Feb 27, 2025 | 10:30 Konfranslar, iclaslar

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda Türkiyə Cümhuriyyətinin İzmir şəhərində yerləşən Ege Universiteti Tarix Öncəsi və Ön Asiya Arxeologiyası bölümünün Prof. Dr. xanım Çiler Çilingiroğlunun “Anadolunun Neolitləşməsi” adlı seminarı keçirilib. 

İnstitutun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev elmi əməkdaşların toplandığı tədbiri giriş sözü ilə açaraq Anadolunun, o cümlədən, Cənubi Qafqazın neolitləşməsinə yəni, erkən əkinçilik və maldarlığın yaranması və yayılması prosesinin araşdırılmasının arxeologiya elmində aktuallığını vurğuladı. Anadoluda neolitləşmə barədə tədqiqatların son nəticələri barədə məlumatlarla bölüşmək üçün Xəzər Universiteti tərəfindən professor Çiler Çilingiroğlunun Azərbaycana dəvət edildiyini iştiakçıların diqqətinə çatdırdı.

Xanım Prof. Dr. Çiler Çilingiroğlu öz mühazirəsinin əvvəlində dəvət üçün təşəkkürünü bildirdi. Türkiyəli alim qeyd etdi ki, Anadolu yarımadasında arxeoloji mədəniyyətlər öz yerləşdiyi əraziyə, landşafta, qədim dövrdəki ekoloji mühitə, xronoloji ardıcıllığına görə fərqli xüsusiyyətlərə malik idilər.

Təqribən 12 min il əvvəl, yəni, e.ə. IX minilliyə aid Göbəklitəpə abidəsi barədə məlumat verən türkiyəli mühazirəçi son tədqiqatlara əsaslanaraq bildirdi ki, abidə artıq keramikaya qədər neolit dövrü insanlarının təkcə sitayiş yeri, kult tikilisi deyildi. Arxeoloji qazıntılar onun ətrafında yaşayış tikililərinin olduğunu göstərməkdədir. Əhali əsasən ovçu və yığıcılar olmaqlarına baxmayaraq artıq dənli bitkiləri dən daşı ilə emal edirdilər, hələ gildən qabların düzəldilməsi texnologiyasına yiyələnməsələr də, digər materiallardan (dəri, ağac, palçıq) qablar hazırlayırdılar.

Alman arxeoloqu Klaus Şmidt tərəfindən aşkar edilmiş Göbəklitəpədə “T”-şəkilli, əhəng daşından yonulmuş sütunların üzəri müəyyən zoomorf və ya mifik canlıların surətləri, piktoqrfik şəkildə verilmiş mənzərə təsvirləri ilə bəzədilmişdir. Heyvan və mifik varlıqlar aqressiv formada təsvir edilmişlər. Sütunlardakı mənzərələr əslində mənası bizə bəlli olmayan mifik hekayələrin əksi idi. Göbəklitəpədə tapınaq yeri daha qədim mezolit dövründə inşa edilməyə başlamış və sonra keramikaya qədərki neolitdə davam etdirilmişdir. Son tədqiqatların nəticələrinə görə, abidəni inşa etmiş qədim populyasiyada kişi başlanğıcı kultu aparıcı olmuşdur. Sütunların kəsilməsi, cilalanması və təsvirlərin yaradılması abidədən kənarda icra edilirdi. Qədim əhali bu yeri tərk edərkən tapınaq yerini və yaşayış tikililərini basdırmışlar. Buna görə də abidə müasir dövrə qədər yaxşı qorunmuşdur.

Daha sonra xanım Prof. Dr. Çiler Çilingiroğlu  artıq e.ə. 8-ci minilliyin ikinci yarısına, yəni, erkən keramik neolit dövrünə aid Çatalhöyük abidəsində aparılan tədqiqatların son nəticələri barədə məlumat verdi. Müəllifin sözlərinə görə, artıq Çatalhöyükdə biz inkişaf etmiş əkinçi və maldar təsərrüfat görürük. Heyvan qalıqlarının genetik analizləri göstərmişdir ki, neolitdə iri buynuzlu qaramal, qoyunlar və donuzlar Anadoluda Toros dağları, keçilər isə İranın dağlıq Zaqros ərazisində əhliləşdirilmiş və bu mərkəzlərdən mədəni miqrasiyalarla dünyaya yayılmışlar. Çatalhöyükdə dini ayinlərdə istifadə edilən qablarda və gil çənlərdə dənli bitkilərdən hazırlanmış yüngül alkoqollu içkilərin hazırlanmasından sonra qalan kimyəvi çöküntülər qeyd edilmişdir. Çatalhöyük məskənini yaradan populyasiyanın dini dünyagörüşündə qadın başlanğıcı mövcud idi.

Mühazirə bitdikdən sonra institutun aparıcı elmi işçisi, t.ü.f.d. Valeh Ələkbərov Şomutəpə mədəniyyətinə aid Göytəpə neolit məskənində aparılmış qazıntıların nəticələri barədə məlumat verdi. Həmçinin institutun şöbə müdiri t.ü.f.d., dosent Xəqani Alməmmədov Qarabağ neoliti mədəniyyətinə aid məskənlərdə aparılmış tədqiqatların nəticələrindən söz açdı. Daha sonra tədbirdə iştirak edən mütəxəssis arxeoloqlar mövzu üzrə müzakirələr apardılar.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023