AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda koreyalı arxeoloqlarla görüş keçirilib
Yan 25, 2023 | 08:47 / Görüşlər
Oxunub 20 dəfə

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Koreyanın Seul Dövlət Universitetinin Humanitar Elmlər Kollecinin Arxeologiya və Tarix Departamentinin professoru Kim Yong İl ilə görüş keçirilib.

Görüşdə Koreya tərəfdən professor Kim Yong İlin iki magistr tələbəsi, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan isə baş direktor, t.e.d., professor Abbas Seyidov, icraçı direktor, t.ü.f.d. Zaur Həsənov və Albanşünaslıq Mərkəzinin rəhbəri, t.e.d., professor Qafar Cəbiyev iştirak ediblər. Professor Kim Yong İl 2009-cu ildən başlayaraq Qəbələ ərazisində institut əməkdaşları ilə birlikdə bir sıra Antik və orta əsrlərə aid arxeoloji abidələrdə çöl tədqiqat işləri aparır. 2022-ci ildə o, Z.Həsənovla birlikdə Mil düzündə yerləşən Dəmir dövrü qəbir abidələrinin tədqiqində iştirak edib.

A.Seyidov qonaqları salamladıqdan sonra bildirib ki, beynəlxalq tərkibli arxeoloji ekspedisiyaların elmi araşdırmaları təqdirəlayiqdir.

Professor Kim Yong İl isə qeyd edib ki, bu ilin iyun ayından etibarən bir neçə aparıcı Koreya arxeoloqu çöl tədqiqat işlərini Qəbələ və Mil düzündə davam etdirməyi, həmçinin müasir avadanlıqlar vasitəsi ilə abidələr yerləşən ərazilərdə xəritəçəkmə işləri aparmağı planlaşdırır.

Sonda qonaqlar institutun Arxeoloji Fondunda yerləşən müvafiq materiallarla tanış olublar.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015