AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib
Noy 18, 2022 | 08:52 / Konfranslar, iclaslar
Oxunub 46 dəfə

Noyabrın 17-də AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.

İclası AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik Gövhər Baxşəliyeva açaraq gündəlikdə qoyulan məsələlər barədə məlumat verib.

Akademik Gövhər Baxşəliyeva Vətən müharibəsindəki tarixi Qələbədən sonra cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağda geniş quruculuq işlərinin həyata keçirildiyini söyləyib və Azərbaycan alimlərinin də Böyük Qayıdışa öz töhfələrini verdiklərini bildirib.

O, daha sonra sözü işğaldan azad olunmuş torpaqlarda – Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolunun 31-ci km-də yerləşən kurqan tipli qəbir abidəsində aparılan arxeoloji qazıntı işlərinin vəziyyəti haqqında məlumat vermək üçün AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, tarix elmləri doktoru Abbas Seyidova verib.

Tarix elmləri doktoru Abbas Seyidov ölkə Prezidentinin göstərişinə əsasən, Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolunun 31-ci km-də yerləşən (Füzuli rayonunun işğaldan azad olunmuş ərazisi) kurqan çölündə 1-2-3 saylı kurqanlarda institutun əməkdaşları - tarix elmləri doktoru, professor Arif Məmmədov və tarix üzrə fəlsəfə doktoru, dosent Zaur Həsənovun rəhbərliyi ilə arxeoloji qazıntı işlərinin aparıldığını vurğulayıb. Alimin sözlərinə görə, 1 və 2 saylı kurqanlar bilmədən, təsadüfən dağıdılıb, 3 saylı kurqan isə salamat qaldığı üçün ölkə Prezidentinin tapşırığı ilə həmin ərazidə yol çəkilişi dayandırılıb və hazırda kurqanda beynəlxalq arxeoloji ekspedisiya fəaliyyət göstərir.

İclasda, həmçinin AMEA-nın İctimai Elmlər Bölməsi üzrə elmi tədqiqat müəssisələrinin 2023/2024-cü tədris ili üçün magistraturaya qəbul planına dair təkliflər müzakirə edilib.

Daha sonra AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun, o cümlədən İqtisadiyyat İnstitutunun Elmi şurasının tərki­bin­də qismən dəyişiklik edilib və bir sıra kadr məsələlərinə baxılıb.

Bundan əlavə, akademik Cəmil Quliyevin  95, AMEA-nın müxbir üzvü Arif Abbasovun isə 85 illik yubileyləri ilə əlaqədar AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

Sonda İctimai  Elmlər Bölməsinin elmi tədqiqat müəssisələrinin gələcək fəaliyyəti və qarşıda duran vəzifələrə dair, eləcə də hesabatların hazırlanması ilə bağlı müəyyən tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015