AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunda “Nazim Hikmət - 120” mövzusunda beynəlxalq konfrans keçirilib
Okt 17, 2022 | 01:25 / Konfranslar, iclaslar
Oxunub 130 dəfə

Oktyabrın 26-da AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Türk ədəbiyyatının görkəmli nümayəndəsi Nazim Hikmətin anadan olmasının 120 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.

Azərbaycan, Türkiyə, Misir və İraqdan olan alimlərin iştirakı ilə baş tutan konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva XX əsr dünya ədəbiyyatının böyük şairlərindən olan Nazim Hikmətin təkcə Türk xalqının deyil, bütün Şərq xalqlarının poeziyasına misilsiz təsir göstərdiyini deyib. Şeirdə yeni yollar açmış novator sənətkarın özünün romantik ruhlu, coşqun pafoslu, dərin məzmunlu əsərləri ilə müasir türk ədəbiyyatının inkişafına böyük təkan verdiyini söyləyən akademik G.Baxşəliyeva Nazim Hikmətin mübariz ictimai xadim, həm də istedadlı şair, nasir, dramaturq olduğunu deyərək, poeziyanın onun yaradıcılığının ana xəttini, istedadının ən qüvvətli istiqamətini təşkil etdiyini bildirib. Şairin iztirablı həyat yolundan danışan akademik onun yaradıcılığından söz açarkən Azərbaycanla bağlı olan əsərlərinə xüsusi diqqət çəkib.

Sonra Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin müdiri, f.ü.f.d., dosent Səriyyə Gündoğdu “Çağdaş türk ədəbiyyatı və Nazim Hikmət” mövzusunda məruzə edib. Şairin tək Türk poeziyasına deyil, dünya ədəbiyyatına yenilik gətirdiyini deyən S.Gündoğdu bir çox şairlərin bu yeniliyi mənimsədiyini qeyd edib. Nazim Hikmətin Şərq ədəbiyyatına təsirindən danışan məruzəçi, ilk növbədə İranda Nazim Hikmətlə bağlı ədəbi fəaliyyətdən, şairin əsərlərini fars dilinə tərcümələrindən, onunla bağlı elmi tədqiqatlardan söz açıb. S.Gündoğdu, həmçinin ərəb şairlərinin Nazim Hikmətdən bəhrələnməsindən bəhs edib, onun ərəblər üçün hər şeydən əvvəl istiqlal şairi olmasını qeyd edib.

Daha sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d., dosent Əflatun Baxşəliyev “Nazim Hikmət və Səməd Vurğun”, Şərqşünaslıq İnstitutunun əməkdaşlarından f.ü.f.d., dosent Barat Osmanova “Nazim Hikmət və onun haqqında ilk tədqiqatlar”, f.ü.f.d. Ülkər Səmədova “Dünya ədəbiyyatında Nazim Hikmət izləri”, Xanım Abdullayeva “Nazim Hikmət şeirlərində milli şüur” mövzusunda məruzə ediblər.

Konfrans öz işini Şərqşünaslıq İnstitutunda keçirilən bölmə iclasları ilə davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015