AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
İctimai Elmlər Bölməsinin “İran İslam Respublikasının regional siyasətinə” həsr olunan elmi seminarı keçirilib
İyl 04, 2022 | 08:58 / Konfranslar, iclaslar
Oxunub 370 dəfə

İyulun 1-də akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Akt zalında AMEA-nın İctimai Elmlər Bölməsinin “İran İslam Respublikasının regional siyasəti” mövzusuna həsr olunan elmi seminarı keçirilib.

Elmi seminarda AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik Gövhər Baxşəliyeva, bölməyə daxil olan bir sıra elmi müəssisə və təşkilatların alimləri və aidiyyəti şəxslər iştirak ediblər.

Seminarı akademik Gövhər Baxşəliyeva açaraq Azərbaycanın İran İslam Respub­lika­sıyla tarixi-mədəni və dini əlaqələrinin mövcud olduğunu vurğulayıb. Bu sahədə elmi tədqiqatlar aparan institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadənin Cənubi Azərbaycanla bağlı bir çox əsərlərinin işıq üzü gördüyünü bildirib.

Daha sonra tədbirdə Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadənin “İran İslam Respublikasının regional siyasəti barədə” mövzusunda məruzəsi dinlənilib.

Alim çıxışında qeyd edib ki, çoxsaylı amillərin təsiri ilə formalaşan bugünkü mürəkkəb beynəlxalq şəraitdə İran İslam Respublikası regionun ən güclü dövlətlərindən biri kimi Azərbaycan üçün də strateji əhəmiyyətə malikdir: “80 milyonluq İran dünyanın ən çoxsaylı ordusuna malik ölkələrdən biri olmaqla, Qərbi Asiyadakı regional siyasətdə həlledici rol oynayır. Həmçinin İran özünün müasir inkişaf yönümünü dünyada baş verən sosial-iqtisadi proseslərə uyğunlaşdırmaq siyasətini nümayiş etdirir”.

Alim, o cümlədən İran və Rusiya münasibətlərindən də söz açıb, İranın Rusiyanın təşəbbüsü və birbaşa iştirakı ilə yaradılan iqtisadi və maliyyə bloklarında iştirak etdiyini (Şanxay Əməkdaşlıq Təşkilatına çevrilmiş “Şanxay beşliyi” blokunda olduğu kimi) söyləyib.

Məruzəçi İran və Çin arasındakı münasibətlərə də toxunub. Qeyd edib ki, 2021-ci ilin martında imzalanmış 25 illik strateji əməkdaşlıq müqaviləsi iranlılar arasında Pekinlə əlaqələrin dərinləşməsinin potensial təsirləri ilə bağlı müzakirələrə səbəb olmaq üzrədir.

İranın Azərbaycanla əlaqələrinə gəlincə, Səməd Bayramzadə vurğulayıb ki, etnik azərbaycanlıların böyük əksəriyyəti İran ərazisində yaşayır: “Müxtəlif mənbələrdə və mütəxəssislər tərəfindən İranda yaşayan Azərbaycan türklərinin sayı 30-35 milyon nəfər arasında göstərilir. Azərbaycan və İran arasında yaxın qonşuluq əlaqələrini şərtləndirən bir çox amillər – din, dil, mədəniyyət münasibətləri var ki, bunlar əsrlər boyu davam edib və bu gündən sonra da edəcəkdir. Zamanında Ümummilli Lider Heydər Əliyevin apardığı siyasət nəticəsində və onun davamı olaraq Prezident İlham Əliyev tərəfindən hərtərəfli qarşılıqlı və faydalı münasibətlər qurulub. 2021-ci ilin noyabr ayının 28-də Türkmənistanın paytaxtı Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Görüşündə üçtərəfli saziş imzalandı. Türk­mənistan ilk dəfə İrana, İran da eyni miqdarda qazı Azərbaycana ötürəcək. 2022-ci ilin dekabr ayının 1-ci ongünlüyündə  İranla Azərbaycan arasında Astara çayı üzərində avtomobil körpüsünün yenidən inşası ilə bağlı razılıq əldə olundu. 2022-ci ilin dekabr ayının 8-də İran, Azərbaycan və Gürcüstan Fars körfəzi - Qara dəniz marşrutu məsələsi üzərində də razılaşdı. Beləliklə, Azərbaycan Fars körfəzi ilə Qara dəniz arasındakı daşımalarda əsas tranzit olacaq. 11 mart 2022-ci il tarixində Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalandı. Hazırda İran ərazisindən keçəcək yeni kommunikasiya bağlantısı mühüm əhəmiyyətə və böyük perspektivə malikdir. Qeyri-müəyyən müddətə bağlanılmış bu layihənin gerçəkləşməsində İranla Azərbaycan arasında dostluq, yaxın qonşuluq münasibətlərinin olması mühüm rol oynadı. Beləliklə də, Azərbaycanla İran arasında əlaqələr genişləndirilir”.

Məruzəçi İranın Cənubi Qafqaz respublikaları arasında ən sıx əlaqələrinin Ermənistanla olduğunu, bu münasibətlərin formalaşmasında yalnız iqtisadi səbəblər deyil, eyni zamanda praqmatik siyasi amillərin də əsas rol oynadığını söyləyib.

Daha sonra məruzə ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Mövzu ilə bağlı çıxış edən AMEA-nın Milli Azərbaycan Tarix Muzeyinin şöbə müdiri, tarix elmləri doktoru Nərgiz Əliyeva sözügedən məsələyə münasibət bildirib. Alim Cənubi Azərbaycanla olan əlaqələrin bundan sonra da elm, təhsil və mədəniyyət istiqamətində gücləndirilməsinin önəmli olduğunu qeyd edib: “Yalnız mədənəyyəti, elmi qarşılıqlı inkişaf etdirmək yolu ilə ortaq və milli dəyərləri təbliğ edə bilərik”.

Tədbirdə birgə elmi məqalələrin toplanaraq çap olunmasının, aidiyyəti üzrə dissertasiyaların ortaq elm sahələrinin mütəxəssisləri ilə birgə müzakirə edilməsinin və bununla elmi-mədəni əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015