AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Qayalara həkk olan tarix: qədim abidəmizin ilk insan izləri” adlı seminar keçirilib
Apr 20, 2022 | 08:40 / Konfranslar, iclaslar
Oxunub 62 dəfə

Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub.

AMEA-nın Rəyasət Heyəti İşlər idarəsinin dəstəyi və Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurası və Qobustan Milli Tarix-Bədii Qoruğunun birgə təşkilatçılığı ilə Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Qayalara həkk olan tarix: qədim abidəmizin ilk insan izləri” adlı elmi seminar keçirilib.

Tədbir Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayevin və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, k.ü.f.d Elmir Babayevin açılış nitqi ilə başlayıb.

Sonra Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aslan Qasımov “Beynəlxalq abidələr günü”, Qobustan Milli Tarix-Bədii Qoruğunun Qoruğun İnkişafı və İnnovasiya şöbəsinin müdiri Şəbnəm Yusifova “Qobustan abidələri UNESCO-nun Dünya Mədəni İrs siyahısında”, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin mütəxəssisi Qənirə Qafarlı “Tağıyev sarayı memarlıq abidəsi kimi”, Qobustan Milli Tarix-Bədii Qoruğunun aparıcı elmi işçisi Sevinc Şirinli “Qobustan qayaüstü təsvirlərinin xronologiyasının dəqiq dövrləşdirmə metodları ilə müəyyən edilməsi layihəsi haqqında”, Radiasiya Problemləri İnstitutunun əməkdaşı Aybəniz Əhədova “Dəqiq dövrləşdirmə metodları və onların Qobustanın tədqiqində tətbiqi” adlı məruzələrlə çıxış ediblər.

Seminar iştirakçıları ilə Qobustan abidələrinin öyrənilməsi məqsədilə gələcəkdə Azərbaycan Milli Elmlər Akademiyasının gənclərinin tədqiqatlarından səmərəli istifadə haqqında da müzakirələr aparılıb.

Qeyd edək ki, seminarda AMEA ilə yanaşı, bir sıra təhsil ocaqlarının bakalavr və magistr tələbələri də iştirak edib.

Sonda Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiya təşkil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015