AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunun elmi seminarında ərəb dilçiliyinin inkişafinda Xətib Təbrizinin rolundan danışılıb
Apr 14, 2022 | 08:36 / Konfranslar, iclaslar
Oxunub 486 dəfə

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 27 mart – Elm günü ilə əlaqədar tədbirlər çərçivəsində gənc alimlərin seminarlarına start verilib.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən seminarı giriş sözü ilə açan müəssisənin icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü qurumun gənc alimlərinin həm elmi, həm də ictimai sahədə fəal olduqlarını qeyd edib. O, institutun Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətini də təqdir edib. R.Cümşüdlü təşkil olunan seminarların gənc alimlərə öz elmi tədqiqatları barədə ətraflı danışmaq, məlumat vermək imkanı yaratdığını bildirib.

Sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev qeyd edib ki, elmi potensialın qorunub saxlanılması və gənc elmi kadrların hazırlanması dövlətimizin diqqət mərkəzindədir. Bu məqsədlə ölkəmizdə doktorantura təhsilinin keyfiyyətinin artırılması, gənc kadrların xaricdə təhsil alması istiqamətində böyük işlər aparılır. Ölkəmizdə yüksəkixtisaslı elmi, pedaqoji və elmi-pedaqoji kadrların hazırlanmasında Şərqşünaslıq İnstitutunun xüsusi payı olduğunu bildirən E.Mustafayev institutun ötən onilliklərdə böyük inkişaf yolu keçməklə öz ənənələri olan elm müəssisəsi kimi tanındığını deyib. O, son illərdə institutun gənc alimlərinin uğurlarından danışaraq, şərqşünaslıq elminin gələcəyinin etibarlı əllərdə olduğunu bildirib.

İnstitutun Ərəb filologiyası şöbəsinin elmi işçisi Gülşən Həmidli isə seminarda “Ərəb dilçiliyinin inkişafinda Xətib Təbrizinin rolu” mövzusunda məruzə edib. Məruzəçi orta əsrlər ərəb dilçiliyinin inkişafında ərəb əsilli alimlərlə yanaşı, qeyri-ərəb əsilli alimlərin də müstəsna rolu olduğunu qeyd edərək, XI əsrdə yaşayıb-yaratmış Xətib Təbrizinin belə alimlərdən olduğunu bildirib. Məruzədə Xətib Təbrizinin ərəb dilçiliyi sahəsində qələmə aldığı kitablarda palindromlar, irab, həmzəli, naqis fellərdən əmələ gələn sözlər və s. kimi maraqlı qrammatik məsələlərə toxunulub.

Seminarın sonunda məruzə ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015