AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Elm - insan zəkasının ən böyük nailiyyəti, millətin varlığının təminatçısıdır” adlı tədbir keçirilib
Mart 29, 2022 | 09:04 / Konfranslar, iclaslar
Oxunub 504 dəfə

Martın 28-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 27 mart - Elm gününə həsr olunmuş “Elm - insan zəkasının ən böyük nailiyyəti, millətin varlığının təminatçısıdır” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, ölkəmizdə elmə böyük diqqət və qayğı göstərən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən, təsis edilən “Elm günü”nün tarixi 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının yarandığı günə təsadüf edir. Akademik G.Baxşəliyeva qeyd edib ki, ölkəmizdə elmin sürətli inkişafı Azərbaycan Respublikasına rəhbərlik etdiyi həm sovet dövründə, həm də müstəqillik illərində elmə böyük qayğı göstərən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. O, ulu öndərin elmə verdiyi yüksək dəyərin göstəricisi olan sözlərini xatırladıb: “Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın milli sərvətidir. Bu sərvəti qoruyub saxlamalıyıq”.

Prezident İlham Əliyevin imzaladığı və ölkəmizdə son dövrdə elmin inkişafına böyük təkan verən Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı ilə əlaqədar Sərəncamdan, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə 2016-cı il 9 avqust tarixli Fərmandan bəhs edən akademik G.Baxşəliyeva AMEA-nın ölkənin hərtərəfli inkişafına yönəlmiş dövlət siyasətinin həyata keçirilməsində yaxından iştirakı, elmi fəaliyyət sahəsində məqsədyönlü şəkildə həyata keçirilən islahatlardan danışıb. O, Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanıqlı inkişafı üzrə Milli Strategiyanın hazırlanmasından da söz açıb.

AMEA-nın ötən 77 ildə nailiyyətlərindən bəhs edən akademik G.Baxşəliyeva 64 illik mövcudluğu ərzində elmimizə böyük töhfələr verən Şərqşünaslıq İnstitutunda akademik Əbdülkərim Əlizadənin mətnşünaslıq, akademik Ziya Bünyadovun mediyevistika, akademik Həmid Araslının türkologiya, professor Aida İmanquliyevanın ərəbşünaslıq, professor Rüstəm Əliyevin iranşünaslıq məktəblərinin yarandığını, bu gün institutda çalışanların əksəriyyətinin bu böyük alimlərin bilavasitə şagirdləri və davamçıları olduğunu bildirib.

Elm günü ilə bağlı builki tədbirlərdən söz açan akademik mart-aprel aylarında AMEA-nın Rəyasət Heyətində və institutlarında müvafiq tədbirlərin, seminarların, elmi sessiyaların və dəyirmi masaların keçiriləcəyini, AMEA-nın bukletinin hazırlandığını, elmi və elmi-təşkilati fəaliyyətlərində fərqlənən əməkdaşların təltif olunacağını və mükafatlandırılacağını qeyd edib, eyni zamanda bununla bağlı Şərqşünaslıq İnstitutunda da həyata keçirilən tədbirlərdən danışıb.

Tədbirdə, həmçinin institutun icraçı direktoru, f.ü.f.d. Ruhəngiz Cümşüdlü, Şərq-Qərb şöbəsinin müdiri, ilah.ü.f.d. Məmmədəli Babaşlı, institutun həmkarlar təşkilatının sədri, t.ü.f.d. Sübhan Talıblı və başqaları çıxış edərək Azərbaycan elminin tarixində Şərqşünaslıq İnstitutunun tutduğu yerdən danışıb, müəssisənin çoxsaylı kollektivinin əzmlə, böyük həvəslə çalışaraq milli şərqşünaslıq elmimizin şərəfli ənənələrini yaşatdığını, onu inamla yeni zirvələrə doğru apardığını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015