AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Muzeyin yeni kataloqu işıq üzü gördü
Fev 09, 2022 | 10:31 / Yeni nəşrlər
Oxunub 610 dəfə

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə muzeyin kolleksiyası əsasında “Müslüm Maqomayev” adlı yeni kataloq (Bakı, “Təhsil”, 2021, 104 səh.) işıq üzü görüb.

Tərtibçilər: muzeyin baş direktoru,akademik Nailə Vəlixanlı, muzeyin Hədiyyələr və Xatirə Əşyaları fondunun müdiri Rəna Səfərova.

Təqdim olunan kataloq AMEA Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən dahi bəstəkar Müslüm Maqomayevin xatirəsinə bir töhfə kimi hazırlanmışdır. Kataloq iki əsas bölmədən- “Bəstəkarın həyat yolu” və “Bəstəkarın yaradıcılığı”ndan ibarətdir. Birinci bölmədə Müslüm Maqomayevin ailəsi, təhsili, pedaqoji fəaliyyəti, professional opera orkestrində solist-skripkaçı kimi çıxış etməsi, həmin orkestrin 25 il ərzində dirijoru olması, böyük təşkilatçılıq təcrübəsi və yüksək qabiliyyəti sayəsində opera kollektivin fəaliyyətinə rəhbərlik etməsi fotoşəkillər və sənədlər vasitəsilə işıqlandırılır. M.Maqomayevin muzeydə mühafizə olunan 14 ədəd şəxsi əşyası da kataloqun birinci bölməsinə daxil edilmişdir.

“Bəstəkarın yaradıcılığı” bölməsində oxucu M.Maqomayevin səhnə əsərləri olan “Şah İsmayıl” və “Nərgiz” operaları, simfonik və vokal əsərləri ilə tanış olur. Həmçinin bəstəkarın kinofilm və dram əsərlərinin musiqi tərtibatçısı olması fotoşəkillər, afişalar, proqramlar və qəzet məqalələri vasitəsilə məlumatlandırılır.

Kataloqda muzeyin Hədiyyələr və Xatirə Əşyaları, Sənədli Mənbələr və Foto-neqativ Materialları fondlarında qorunan M.Maqomayevlə əlaqədar 201 ədəd eksponat haqqında ətraflı məlumat verilir. Kataloq tərtib olunarkən əsərlərin yazılma tarixi əsas prinsip kimi qəbul edilmiş, eksponatların təsviri xronoloji qayda üzrə düzülmüş və müvafiq fondun inventar nömrəsi göstərilmişdir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015