AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunda Abdullah Hatifinin “Həft Mənzər”i çapdan çıxıb
Fev 02, 2022 | 11:55 / Yeni nəşrlər
Oxunub 679 dəfə

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Abdullah Hatifinin “Həft mənzər” əsərinin Azərbaycan dilinə filoloji və nəzmlə tərcüməsi çapdan çıxıb.

Əsəri dilimizə Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Əlizadə filoloji tərcümə edib, eyni zamanda əlyazmanı köçürərək, ön söz və izahlar yazıb. “Həft mənzər”in Azərbaycan dilində nəzmə çəkilməsi isə Aygün Əlizadə ilə birgə Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rəşid Təhməzoğluna aiddir.

Görkəmli Azərbaycan şairi  Nizami Gəncəvinin əsərlərinə onlarla nəzirələrdə hər bir şair Nizaminin qoyduğu ideyaları öz düşüncələrinə uyğun olaraq təqdim edib. Belə nəzirə müəlliflərindən biri olan Abdullah Hatifinin Nizami Gəncəvinin “Yeddi gözəl”indən təsirlənərək yazdığı “Həft mənzər” əsərində gözəllər üçün tikilmiş yeddi imarətdən bəhs edilir. Burada cərəyan edən hekayələrin hər biri ibrətamiz mövzuya həsr olunub. Əsərin fars dilindən Azərbaycan dilinə həm filoloji, həm də nəzmlə tərcüməsi Azərbaycan oxucusuna Nizami dühasının təkcə öz əsərlərində deyil, həm də yaratdığı məktəbdə də əks olunduğunu göstərmək məqsədi daşıyır.

Abdullah Hatifinin “Həft mənzər” əsəri 2224 beytdən ibarətdir. Fars dilində olan orijinal mətnin qarşısında tərcümələri verilib. Kitabın çapı Nizami ənənələrinin digər şairlərin yaradıcılığına təsirini müşahidə etməkdə oxuculara kömək edəcək.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015