AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunda Osmanlı hakimiyyəti dövründə Urmiya və Xalxal bölgələrinə aid kitab çap olunub
Dek 27, 2021 | 01:37 / Yeni nəşrlər
Oxunub 770 dəfə

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaxşıxanım Nəsirovanın “Osmanlı hakimiyyəti dövründə Urmiya və Xalxal bölgələri (XVIII əsrin 20-ci illəri)” kitabı çapdan çıxıb.

Monoqrafiyada Osmanlı hakimiyyəti dövründə tarixi Azərbaycan əraziləri olan Urmiya, Xalxal və Salmas bölgələrinin sosial-iqtisadi vəziyyəti, inzibati ərazisi, əhalisinin etnik-dini tərkibi araşdırılıb. İlk dəfə olaraq, Osmanlı arxiv sənədi – 1728-ci ilə aid “Urmiya və Xalxal livasının müfəssəl dəftəri” (maliyyə-vergi reyestri) əsasında XVIII əsrin üçüncü onilliyində bu bölgələrdə gedən demoqrafik proseslər müəyyən edilib, şəhər həyatı, kənd təsərrüfatının vəziyyəti, vəqf təsisatları və əhalidən toplanan vergilərlə bağlı mühüm statistik məlumatlar ümumiləşdirilərək tədqiq edilib. Bununla yanaşı, Türkiyə Respublikasının Başbakanlıq Osmanlı Arxivində saxlanılan, Azərbaycanın  orta əsrlər dövrü tarixi ilə bağlı onlarla digər sənəd və materiallara da müraciət olunub. Bu zəngin sənəd xəzinəsində son illərdə Azərbaycana aid bir sıra önəmli materialların aşkarlanması orta əsrlər Azərbaycan tarixinin tədqiqinə yönəlmiş yeni bir baxışın formalaşmasına şərait yaradır.

Əsərin birinci fəslində XVIII əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi vəziyyət və Osmanlı-Səfəvi-Rusiya hərbi qarşıdurmasının nəticələri araşdırılıb. İkinci fəsildə Urmiya, Xalxal livalarının və Salmas qəzasının idarəçilik sistemi, inzibati bölgüsü, etnodemoqrafik vəziyyəti, şəhərlərin əhalisi və həyatı, vəqf təsisatları, üçüncü fəsildə həmin bölgələrin kənd təsərrüfatı və vergiləri barədə məlumat verilib.

Kitabın sonunda Urmiya, Xalxal livalarına və Salmas qəzasına aid coğrafi adların göstəricisi təqdim edilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015