AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Akademik Şahin Mustafayev Çexiyada keçirilən elmi konfransda iştirak edib
Noy 10, 2021 | 10:19 / Konfranslar, iclaslar
Oxunub 38 dəfə

4-5 noyabr tarixlərində Çexiyanın paytaxtı Praqa şəhərində Alman Tarix İnstitutu və onun Polşa və Çexiyadan olan elmi tərəfdaşları ilə birgə təşkil etdiyi “Modern dövrə qədərki  zamanlarda qeyri-bərabər regional inkişaf: “Gənc Avropa” transkontinental şəbəkələrdə” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransın əsas məqsədi orta əsrlərin sonunda dünyanın müxtəlif regionlarının inkişafında meydana çıxan yeni meyllərinin təsirilə Qərbi Avropanın sosial və texnoloji yüksəlişi və bu transformasiyaların qlobal tarixin sonrakı gedişatını müəyyənləşdirməsi fenomeninin yeni konsepsiyalar çərçivəsində dəyərləndirilməsindən ibarət idi.

Konfransın işində Almaniya, Polşa, Çexiya, Norveç, Litva, Ukrayna və  digər ölkələrdən tanınmış tarixçilər iştirak ediblər. Ölkəmizi bu elmi tədbirdə akademik Şahin Mustafayev təmsil edib. Azərbaycanlı alim “Şəhər mərkəzi və ətraf kənd periferiyasında toplanan vergi fərqliliyi: 1727-ci ildə Təbriz əyalətinin Osmanlı vergi dəftərinin məlumatı əsasında” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə azərbaycanlı şərqşünas-tarixçi Osmanlı arxiv sənədinin məlumatlarını təhlil edərək, Təbriz şəhəri və əyalətinin timsalında orta əsrlərdə yüksək inkişaf səviyyəsinə çatmış ənənəvi Şərq cəmiyyətlərinin artıq XVIII yüzilliyin 20-ci illərində iqtisadi və demoqrafik tənəzzül keçirdiklərini və bu prosesin xüsusiyyətlərini Avropalı alimlərin diqqətinə çatdırıb. Şahin Mustafayevin məruzəsi konfrans iştirakçılarının marağına və müzakirəyə səbəb olub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015