AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Humanitar və İctimai Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib
Noy 04, 2021 | 09:17 / Konfranslar, iclaslar
Oxunub 658 dəfə

Noyabrın 2-də AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin onlayn Ümumi yığıncağı keçirilib.

Ümumi yığıncağı AMEA-nın vitse-prezidenti, Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik İsa Həbibbəyli açaraq gündəlikdə duran elmi-təşkilati məsələlər haqqında məlumat verib.

Tədbirdə əvvəlcə AMEA-nın Albanşünaslıq Elmi Mərkəzinin Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun strukturuna daxil edilməsi haqqında məsələ müzakirə edilib.

Akademik İsa Həbibbəyli qeyb edib ki, min illik Albaniya dövləti Azərbaycanın dövlətçilik tarixində dərin iz buraxıb və onun yaratdığı irs sonrakı Azərbaycan dövlətlərinin həyatında mühüm rol oynayıb. O, bu istiqamətdə ölkə Prezidentinin çağırışlarını nəzərə alaraq, respublikamızın bütün ərazisi ilə yanaşı, işğaldan azad olunmuş ərazilərdə də Alban abidələrinin üzə çıxarılmasının, tədqiq olunmasının, arxeoloq alimlərin apardıqları qazıntıların nəticələrinin öyrənilib ümumləşdirilməsinin qarşıda duran mühüm məsələlərdən biri olduğunu vurğulayıb.

Məsələ ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı, Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Hidayət Cəfərov öz fikirlərini bölüşüblər.

Daha sonra Albanşünaslıq Elmi Mərkəzinin Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun strukturuna daxil edilməsi haqqında qərar verilib.

İclasda, o cümlədən Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsinə seçkinin keçirilməsi məsələsi də müzakirə olunub. Səsverməyə əsasən, tarix elmləri doktoru, professor Abbas Seyidov Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsinə seçilib və təsdiq olunması üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

Ümumi yığıncaqda, həmçinin bir sıra cari məsələlər müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015