AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin Ümumi yığıncağında bir sıra məsələlər müzakirə edilib
Okt 18, 2021 | 05:14 / Konfranslar, iclaslar
Oxunub 102 dəfə

Oktyabrın 14-də AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin onlayn Ümumi yığıncağı  keçirilib.

Ümumi yığıncağı AMEA-nın vitse-prezidenti, Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik İsa Həbibbəyli açaraq gündəlikdə duran elmi-təşkilati və kadr məsələləri barədə məlumat verib.

Əvvəlcə Nobel mükafatı və laureatları haqqında danışan akademik bu il ilk Nobel mükafatının tədqim edilməsindən 120 il ötdüyünü söyləyib, 2021-ci ilin qalibləri haqqında məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Ümumi yığıncaqda,  həmçinin “Nizami Gəncəvi irsi və təbiət” mövzusunda keçiri­lən VII “Fizika və lirika” konfransının yekunları və qarşıda duran vəzifələr­dən söz açılıb. Akademik sözügedən konfransın AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat və Molekulyar Biologiya və Biotexnologiyalar institutlarının birgə təşkilatçılığı ilə keçirildiyini qeyd edib. Bildirib ki, tədbirdə Nizami Gəncəvinin həyatı, elmi  və dünyəvi görüşlərinə həsr edilmiş “Nizami Gəncəvinin nəsil şəcərəsi və həyatı”, “Nizami Gəncəvinin elmi dünyagörüşü və elmə münasibəti”, “Nizami Gəncəvinin yaradıcılıq yolu”, “Nizami Gəncəvinin yaradıcılığında insan sağlamlığı məsələləri”, “Nizaminin təbiət aləmi və təbiət sevgisi” mövzularında məruzələr dinlənilib.

Daha sonra bölmənin bir sıra müəssisələrinin baş direktoru vəzifəsinə seçkilər keçirilib. Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru vəzifəsinə fəlsəfə elmləri doktoru İlham Məmmədzadənin, Folklor İnstitutunun baş direktoru vəzifəsinə akademik Muxtar İmanovun, Hüseyn Cavidin Ev Muzeyinin baş direktoru vəzifəsinə isə filologiya elmləri doktoru Gülbəniz Babaxanlının namizədliyi irəli sürülüb, açıq səsvermə yolu ilə seçiliblər və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul olunub.

Sonda yığıncaq iştirakçılarının sualları cavablandırılıb, humanitar və ictimai elmlərin qarşıda duran vəzifələri və fəaliyyətinə dair müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015