AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda II beynəlxalq konfrans keçirilib
Okt 18, 2021 | 05:08 / Konfranslar, iclaslar
Oxunub 746 dəfə

AMEA-nın Elm Tarixi İnstitutunun (ETİ) təşkilatçılığı ilə “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda II beynəlxalq elmi konfrans keçirilib.

Onlayn baş tutan tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli belə konfransların elmi əməkdaşlığın güclənməsinə xidmət etdiyini söyləyib. Elmşünaslıq sahəsində tədqiqatların yeni olmasına baxmayaraq, artıq bu istiqamətdə nailiyyətlərin əldə edildiyini deyən akademik AMEA-da bu məsələlərlə Elm Tarixi İnstitutunun məşğul olduğunu bildirib. İnstitutun dünyanın bir sıra elmi mərkəzləri ilə uğurlu əlaqələr qurduğunu, məhsuldar fəaliyyəti sayəsində ölkədə və beynəlxalq miqyasda tanındığını vurğulayan İ.Həbibbəyli bildirib ki, ETİ-nin təşkil etdiyi beynəlxalq tədbirlər elmi əməkdaşlıqla yanaşı, xarici ölkə alimləri, elmi qurumları ilə beynəlxalq əlaqələrini də gücləndirib.

Alim bildirib ki, müəssisədə elmlərin multidissiplinar təhlilini vermək, elm tarixinin nəzəri və metodoloji problemlərini əsaslandırmaq, eləcə də qədim dövrdən bu günə qədərki tarixi görüşlərin formalaşmasını öyrənmək istiqamətində işlər uğurla aparılıb, institut bu istiqamətdə fərqli nəşr layihələri və tədbirlər həyata keçirib.

“Azərbaycanda dəqiq və təbiət elmlərinin tarixinin araşdırıldığı, təbiətşünaslığın tarixinə dair beş buraxılışdan ibarət oçerklər, AMEA-nın tarixini əks etdirən külliyyat, azərbaycançılıq ideologiyasının tarixi köklərinin araşdırıldığı, eləcə də bir çox elm sahələrinin tarixşünaslığına, elmi qurumların tarixinə həsr olunmuş nəşr layihələri institutun real göstəriciləri olmaqla yanaşı, eyni zamanda akademiyanın tarixində də bir yenilikdir”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

Kiçik heyətlə müəssisənin qısa vaxtda böyük məsafə qət etdiyini deyən AMEA-nın vitse-prezidenti sonda ETİ kollektivinə, eləcə də konfrans iştirakçılarına uğurlar diləyib.

Sonra Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Məryəm Seyidbəyli çıxış edərək Azərbaycanda elm tarixinin və elmşünaslığın yeganə fundamental araşdırma mərkəzi olan ETİ-nin fəaliyyətini əks etdirən təqdimat edib.

2016-2021-ci illərdə institutun fəaliyyətinin bütün spektrləri üzrə təsəvvür yaradan təqdimatda Azərbaycanda elm tarixinin öyrənilməyə başlanılması və təşkilatlanması, müəssisənin yaranma zərurəti, profili, fəaliyyət istiqamətləri, strukturu, eləcə də əsas elmi nəticələri barədə statistik məlumatlar təqdim edilib. Qeyd olunub ki, bu müddət ərzində Elm Tarixi İnstitutu Rusiya, Çin, Ukrayna, Polşa və İtaliyada fəaliyyət göstərən qurumlarla fəal əlaqələr qurub, bir neçə xarici müəssisə ilə əməkdaşlıq barədə razılıq əldə edib, müqavilələr imzalayıb. Qeyd olunub ki, bu illər ərzində institutun təşkilatçılığı ilə beynəlxalq və respublika səviyyəli elmi konfrans və seminarlar, ümumilikdə müxtəlif mövzulara həsr edilmiş 100-dən çox tədbir həyata keçirilib.

Konfransın M.Seyidbəylinin moderatorluğu ilə aparılan plenar iclasında Rusiya Elmlər Akademiyasının (REA) müxbir üzvü, professor, hüquq elmləri doktoru Yuri Baturin “Становление информационной парадигмы (к столетию введения понятия “информация” в математику)”, REA-nın S.İ.Vavilov adına Təbiətşünaslıq və Texnika Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Roman Fando “Анализ изобразительных источников по  истории науки как источниковедческая проблема”, həmin müəssisənin Elmin və texnikanın tarixşünaslığı və mənbəşünaslığı şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Simon İlizarov “Лакуны в историографии истории науки: прòклятый и забытый Х.И. Гарбер”, həmin institutun Sankt-Peterburq filialının direktoru, sosiologiya üzrə fəlsəfə doktoru Nadejda Aşeulova “Российско-азербайджанское сотрудничество в истории науки и техники через призму деятельности советского национального объединения истории и философии естествознания и техники”, həmin filialın baş elmi işçisi, fəlsəfə elmləri doktoru, dosent Mixail Konaşev “Дневник Ф.Г.Добржанского как источник по истории генетики и эволюционной теории”, REA Arxivinin direktorunun elmi işlər üzrə müavini, tarix üzrə fəlsəfə doktoru Nadejda Osipova “Российско-азербайджанские научные связи в документах Архива Российской Академии Наук”, Ukraynanın Elmi-Texniki Potensial və Elm Tarixi Tədqiqatları İnstitutunun aparıcı elmi işçisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Lidiya Kavunenko “К вопросу о руководстве научным коллективом”, Meksikanın Saynfeqos Universitetinin professoru Eduardo Culya Lopez Bastida “Science in Latin America: A Vision in Times of COVID-19” və AMEA-nın Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova “Физиологическая наука в Азербайджане: история сотрудничества с Российской наукой” mövzusunda məruzələrini təqdim ediblər.

Konfransın ETİ-nin Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev və Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınskinin moderatorluğu ilə davam edən II hissəsində institutun əməkdaşlarının, eləcə də yerli və xarici elmi qurumları təmsil edən digər qonaqların elmin müxtəlif sahələrinə həsr olunmuş məruzələri dinlənilib.

Qeyd edək ki, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çin, Meksika, Kuba olmaqla, ümumilikdə 10 ölkədən 100-ə yaxın yerli və xarici alimin qatıldığı konfransa müvafiq olaraq eyni sayda tezis və məqalələr təqdim edilib. Təqdim edilən bütün məqalələr konfrans materialları olaraq nəşr ediləcək.

Məlumat üçün bildirək ki, “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda I beynəlxalq elmi konfrans 2018-ci ildə keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015