AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AKADEMİK ŞAHİN MUSTAFAYEV RUSİYADA BEYNƏLXALQ ELMİ TƏDBİRDƏ İŞTİRAK EDİB
Okt 18, 2021 | 10:43 / Konfranslar, iclaslar
Oxunub 368 dəfə

Oktyabr ayının 14-15 tarixlərində Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində “Multikultural dünyada islam” mövzulu beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə bir sıra ölkələrdən tarix, beynəlxalq münasibətlər, sosiologiya, dinşünaslıq və digər sahələrin mütəxəssisləri iştirak edib. Konfransın əsas məqsədi müasir dünyada islam dininin vəziyyəti, Yaxın Şərq, Şimali Afrika, Mərkəzi Asiya və Qafqaz ölkələrində baş verən mühüm ictimai-siyasi proseslərə dini amilin təsiri, beynəlxalq və regional təhlükəsizliyin təminində islam faktorunun rolu, islam aləmində sosial-iqtisadi inkişafın perspektivləri və digər məsələlərinin müzakirə edilməsi idi. Tədbir iştirakçıları iki gün ərzində qeyd edilən problemlər ətrafında geniş diskussiyalar aparıb və fikir mübadiləsi ediblər.

Beynəlxalq konfransda ölkəmizi AMEA ak. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini akademik Şahin Mustafayev təmsil edirdi. Azərbaycanlı alim “Mərkəzi Asiya və Qafqazda islam mədəniyyəti: tarix və müasirlik” bölməsində “İslam və Azərbaycanın milli mədəniyyəti” mövzusunda məruzə ilə çıxış edib. Öz məruzəsində o, orta əsrlərdən fərqli olaraq XIX yüzillikdən etibarən modernizasiya prosesinə qədəm qoymuş Azərbaycanda müasir mədəniyyətin daha çox dini deyil, dünyəvi dəyərlər əsasında formalaşdığını qeyd edib, son dövrdə ictimai həyatda dini meyllərin nisbətən güclənməsi ilə əlaqədar Azərbaycan milli mədəniyyəti və kimliyinin hansı istiqamətdə təkamül edəcəyi sualı ətrafında öz fikirlərini bölüşüb. Ş.Mustafayevin məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015