AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Azərbaycan Respublikasının Ailələrə dair 2021-2030-cu illər üçün Strategiyası”nın layihəsinin müzakirəsinə həsr olunmuş tədbir keçirilib
İyl 06, 2021 | 05:22 / Konfranslar, iclaslar
Oxunub 383 dəfə

İyulun 5-də AMEA-nın İctimai Elmlər Bölməsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Probemləri üzrə Dövlət Komitəsinin müraciətinə əsasən, “Azərbaycan Respublikasının Ailələrə dair 2021-2030-cu illər üçün Strategiyası”nın layihəsinin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Tədbiri Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının üzvü, akademik Gövhər Baxşəliyeva açaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitə­sinin müasir dövrümüzdə Ailə Strategiyasının hazırlanması təşəbbüsünün yüksək qiymətləndirildiyini bildirib. Akademik dövlətimizin ailə məsələlərinə diqqətlə yanaşdığını, Azərbaycan Respublikası Konstitusiyasında ailə məsələlərinə xüsusi önəm verildiyini, ailənin hər zaman ictimai inkişafın əsas xüsusiyyətlərindən biri olduğunu qeyd edib. Bu gün ölkəmizdə ailələr arasında baş verən anlaşılmazlıqların qarşısını almaq məqsədilə öncəliklə əhali arasında ümumi mədəni səviyyənin yüksəldilməsinə və maarifləndirmə işlərinin aparılmasına xüsusi önəm verilməsinin vacibliyini vurğulayıb.

Daha sonra Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək ailələrin  inkişafının hər zaman müstəqil Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biri olduğunu diqqətə çatdırıb. Eləcə də müzakirə edilən layihənin qarşısında duran ən mühüm istiqamətlərdən bəhs edərək, mütəxəssislər tərəfindən qeyd olunan təkliflərin nəzərə alınacağına bildirib.

İclasın koordinatoru, AMEA Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə çıxış edərək Ailə Strategiyasının əsas məqsədinin ailə institutunun möhkəmləndirilməsi, ənənəvi ailə dəyərlərinin qorunması, valideyn məsuliy­yətinin artırılması, ailələrin sosial rifahının yüksəldilməsi olduğunu diqqətə çatdırıb, bu məqsədlə televiziya verilişlərində təbliğatın güclən­diril­məsinin vacibliyini vurğulayıb.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstutunun direktoru, akademik Teymur Kərimli çıxışında bu gün ailələrdə baş verən hadisələri araşdırmaq və o ailələrə kömək etmək məqsədilə ailə polisinin yaradılmasının önəmini qeyd edib.

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov çıxış edərək strategiyada milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə önəm verilməsinin, eləcə də erkən evlilik məsələsinə münasibətin nəzərdən keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Akademik strategiyanın hazırlanmasında mentalitet, coğrafiya, iqtisadi, sosial inkişaf səviyyəsinin nəzərə alınmasının vacibliyini də bildirib. Eləcə də Qərb ölkələrinin modelini eyni ilə Azərbaycana tədbiq etməyin doğru olmadığını vurğulayıb. Alim ailə iqtisadiyyatı anlayışına qarşı nəsil iqtisadiyyatı anlayışını irəli sürərək Azərbaycan üçün bu modelin daha uyğun olduğunu bildirib.

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, müxbir üzv Misir Mərdanov isə ailələrdə təhsilin önəmli rol oynadığını, gənclərin ailə həyatına hazırlan­masının vacibliyini vurğulayıb.

İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru Nazim İmanov çıxışında strategiyanın layihəsində ailə möhkəmliyi ilə bağlı təhlillərin daha da dərinləşdirilməsini, strategiyanın fəlsəfəsinin, ölçüyəgələr hədəflərin müəyyənləş­diril­məsini, eləcə də nəticələrin konkretləşdirilməsini, strategiyanın həyata keçirilməsində tələb olunan xərclərin hesablanmasını və bu xərclərin nəticələrinin effektivliyinin qiymətləndirilməsini tövsiyə edib.

İclasda, həmçinin Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Şahbaz Muradov, AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru Habil Qurbanov, AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri, tarix elmləri doktoru Zemfira Hacıyeva, Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə və Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru Kərim Şükürov çıxış edərək öz rəy və təkliflərini bildiriblər.

Sonda iclas iştirakçılarının sualları cavablandırılıb, qoyulan məsələlərə dair fikir mübadiləsi aparılaraq, layihəyə yenidən baxılması və layihənin işçi qrupuna AMEA-dan da mütəxəssislərin daxil edilməsi təklif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015