AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Akademik Şahin Mustafayev Qazaxıstanda beynəlxalq tədbirdə iştirak edib
Apr 20, 2021 | 10:31 / Konfranslar, iclaslar
Oxunub 72 dəfə

Qazaxıstan Respublikasının Türküstan vilayətinin rəhbərliyi və Qazaxıstan Elmlər Akademiyasının A.Marqulan adına Arxeologiya İnstitutunun təşəbbüsü ilə bu şəhərin tarixi yaşının müəyyənləşdirilməsinə həsr olunan beynəlxalq elmi-praktik sessiya təşkil edilib. Rusiya, ABŞ və digər ölkə, beynəlxalq təşkilatları təmsil edən tanınmış alim və ekspertlərin qatıldığı tədbirdə Azərbaycanı akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev təmsil edib.

Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan məlumat verilib. Bildirilib ki, Xoca Əhməd Yəsəvi adına Türk-Qazax Universitetinin binasında təşkil olunan dəyirmi masada alimlər Türküstanın tarixi yaşının müəyyənləşdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıb və yekun bəyannamə imzalayıblar. Bundan əlavə, qonaqlar şəhər ərazisində aparılan irimiqyaslı arxeoloji qazıntılar və onların nəticələri ilə tanış olublar. Akademik Şahin Mustafayev yeni açılmış müasir tipli Türküstan Milli Kitabxanasında yerli və xarici alimlər və tələbələr qarşısında “İpək Yolu və Azərbaycanın tarixi” mövzusunda məruzə ilə çıxış edib.

Qeyd edək ki, tarixən Türküstan şəhəri burada dəfn olunan böyük din və təsəvvüf xadimi, müasirləri və xələfləri arasında “pir-i Türkistan” və “həzrət-i Türkistan” adlandırılan, Orta Asiyadan Anadoluya qədər regionda geniş yayılan “Divan-i Hikmət” adlı fəlsəfi-mənəvi şeirlər toplusunun müəllifi Xoca Əhməd Yəsəvinin məzarı ilə şöhrət qazanıb. XIV əsrin sonlarında Əmir Teymur tərəfindən bu şəxsin məzarı üzərində möhtəşəm məqbərə kompleksi ucaldılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015