AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Arxeologiya və Etnoqrafiya İnstitutunda 20 Yanvar şəhidləri yad edilib
Yan 21, 2021 | 10:58 / Konfranslar, iclaslar
Oxunub 214 dəfə

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunan onlayn anım tədbiri keçirilib.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri müəssisənin direktoru, professor Maisə Rəhimova açaraq bildirib ki, 1990-cı il yanvarın 20-də çökməkdə olan totalitar sovet rejimi öz milli hüquqları uğrunda mübarizəyə qalxmış silahsız Azərbaycan xalqına qarşı qəddar cinayət törətdi. Onun sözlərinə görə, həmin hadisələr zamanı qətlə yetirilmiş soydaşlarımızın hamısı mülki şəxslər idi.

“O dövrdə Moskvada yaşayan ulu öndər Heydər Əliyev xalqımızın təmsilçisi kimi Moskvadakı Azərbaycan nümayəndəliyində keçirilmiş mətbuat konfransında öz etiraz səsini qaldırdı. Artıq dörd il sonra müstəqil Azərbaycan Respublikasının Prezidenti olaraq H.Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisdə 20 Yanvar hadisələrinə hüquqi qiymət verildi”, - deyə M.Rəhimova bildirib.

Builki anım tədbirinin fərqləndiyini deyən alim Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsi ilə şəhidlərimizin qisasını aldığını, ərazi bütövlüyümüzün bərpa olunduğunu söyləyib: “Azadlıq, müstəqillik uğrunda canlarını qurban verən şəhidlərin xatirəsini biz həmişə yaşatmalıyıq!”

Tədbirdə, o cümlədən professor Hidayət Cəfərov, tarix üzrə fəlsəfə doktorları Abuzər Ələkbərov, Anar Ağalarzadə, Səfər Aşurov, Bəhlul İbrahimli, Fərhad Quliyev, arxeoloq Lola Hüseynova və digərləri çıxış edərək 20 Yanvar hadisələrinin, eləcədə Vətən müharibəsinin Azərbaycan xalqının qəhrəman, mübariz və dəmir yumruq kimi birləşə bilməsinin nümayişi olduğunu söyləyiblər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015