AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Xudafərin körpüsü Azərbaycanın birliyinin mənəvi simvoludur
Noy 03, 2020 | 02:12 / Maraqlı məlumatlar
Oxunub 66 dəfə

Tarixlər boyu Azərbaycanın quzeyi ilə güneyini birləşdirən, bir neçə gün əvvəl erməni işğalından azad edilən Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsü (Xudafərin körpüləri) Azərbaycan xalqının mənəvi birliyinin simvoluna çevrilmişdir. Xudafərin körpüsü həmişə xalqımızın qədimlik və birlik rəmzinin təzühürü olaraq öz mənəvi dəyərini qoruyub saxlamışdır.

Eyni zamanda Azərbaycan Ordusunun işğal altındakı ərazilərimizin azad olunması istiqamətində həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Xudafərin körpüsü üzərində Azərbaycan bayrağının qaldırılması tarixi ədalətin bərpasıdır.

Xudafərin körpüləri Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrimizdəndir. Araz çayı üzərində salınan iki Xudafərin körpüsü bu gün də öz mövcudluğunu qorumaqdadır. Onlardan "Baş Xudafərin körpüsü" adlanan 11 aşırımlı körpünün uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir. 

Azərbaycanın memarlıq sənətində bu olduqca qədim və əzəmətli abidələr haqqında tarixi qaynaqlarda çoxsaylı məlumatlar əks olunsa da, körpülərin nə vaxt inşa edilməsi haqqında tarixdə yekdil fikrə rast gəlinmir. Əsas tarixi qənaət ondan ibarətdir ki, 15 aşırımlı körpü 1027-ci ildə Azərbaycan hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən inşa etdirilmişdir. 11 aşrımlı körpü isə XIII əsrdə Elxanilərin Azərbaycanda hakimiyyəti dövründə inşa və yaxud bərpa edilmişdir. 

Orta əsrlər tarixçisi Həmdullah Qəzvini məlumatlarında körpülərin adını "Xuda-Afərin" kimi yazır ki, bu da "Allah tərəfindən yaradılmış", "Allaha Mərhəba" mənalarını verir.

Tarixlər boyu Xudafərin körpüsü Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük rol oynamışdır. Eyni zamanda Xudafərin körpüsü Azərbaycanın quzeyi ilə güneyinin əlaqəsini möhkəmləndirən əsas vasitələrdən biri olmuşdur. Xudafərin körpülərini Azərbaycanın orta əsrlər dövrü inşaatçılıq-mühəndislik sənətinin ən gözəl nümunələrindən hesab etmək olar.

Təəssüflər olsun ki, onbir aşırımlı körpünün sahil tağları XX yüzilin 30 – cu illərndə Şimali və Cənubi Azərbaycan arasında mədəni əlaqələri kəsmək üçün İran və SSRİ rəhbərliyinin birgə qərarı ilə dağıdılmışdır. Həmin vaxtdan da yerli əhali körpüyə Sınıq körpü adını vermişdir.

30 illik erməni əsirliyində olan Xudafərin körpüləri siyasi, iqtisadi zərərləri ilə yanaşı xalqımızın qəlbində böyük mənəvi yaralara da yol açmışdır. Bu geridə qalan 30 illik işğal dövründə Güneyli soydaşlarımız hər il Novruz bayramında Xudafərin körpüsününü yanında tənha tonqal qalayaraq həsrətlə işğalda olan Qarabağımız üçün göz yaşları tökür, torpaqlarımızın azad olunması üçün dualar edirdilər. Artıq qarşıdan gələn, xalqımızın birlik və dirilik bayramı olan Novruz bayramında Xudafərin körpüsünün hər iki tərəfində üç tonqal – birlik, bərabərlik, sülh tonqlalı qalanacaqdır. Xudafərin körpüsü üzərində qalanan bu tonqalllar bir daha Xudafərinin bütün Azərbaycanın birlik, bütövlük simvolu olduğunu dünyaya bəyan edəcəkdir.

Mübariz AĞALARLI, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015