AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Akademik Yaqub Mahmudovun “Azərbaycan diplomatiyası” kitabı türk dilində çapdan çıxıb
Sen 07, 2020 | 04:13 / Yeni nəşrlər
Oxunub 194 dəfə

AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun “Azərbaycan diplomatiyası: Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa ölkələri ilə əlaqələri (XV-XVII yüzilliklər)” kitabı Türkiyənin paytaxtı Ankara şəhərində türk dilində çap olunub.

Türkiyənin Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun nəzdindəki Atatürk Araşdırma Mərkəzi tərəfindən nəşr edilən kitabın tərcüməçisi tanınmış türkiyəli professor Sebahattin Şimşirdir.

Monoqrafiya Azərbaycanın diplomatiya tarixinin ən maraqlı dövrlərindən birinə həsr olunub. Əsərdə XV-XVII əsrlərdə Avropa ölkələrində danışıqlar aparmış Azərbaycan diplomatlarının, həmçinin Ağqoyunlu və Səfəvi saraylarında olmuş Qərb səyyahları və səfirlərinin fəaliyyətləri işıqlandırılıb.

Kitabda Azərbaycanın diplomatiya tarixinə dair zəngin faktik materiallar verilib. Əsərdəki bir çox yeni mənbələr - Ağqoyunlu və Səfəvi hökmdarlarının xarici ölkələrin hakimləri ilə yazışmaları, mühüm siyasi tapşırıqla Şərqə yola salınan Avropa diplomatlarına verilmiş məxfi təlimatlar, Qərbi Avropa diplomatlarının Ağqoyunlu və Səfəvi saraylarından öz ölkələrinə göndərdikləri məxfi məlumatlar, Osmanlı sultanlarının gömrük qanunları və s. qiymətli sənədlər müəllif tərəfindən elmi dövriyyəyə ilk dəfə daxil edilib.

Yeni nəşr tarixçilər, diplomatlar, Azərbaycanın beynəlxalq münasibətlər tarixini öyrənən tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Xatırladaq ki, “Azərbaycan diplomatiyası” kitabı rus, ingilis və italyan dillərində də nəşr olunub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015