AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Milli Azərbaycan Tarixi Muzeyində Osmanlının Məcidiyyə nişanı qorunur
Sen 04, 2020 | 02:14 / Maraqlı məlumatlar
Oxunub 102 dəfə

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi tarixi fənn materialları fondunda Osmanlının 1851-ci ilə aid Məcidiyyə nişanı qorunur.

Muzeydən  bildirilib ki, günəş formasında olan gümüş nişanın yuxarı hissəsində beşguşəli ulduz və aypara, ondan aşağıda yeddibucaqlı şüalar olan ulduzun guşələrində yeddi aypara-ulduz, mərkəzdəki qırmızı minadan olan dairənin üzərinə qızılı rəngli ərəbcə yazılar – “səadət”, “qeyrət”, “hamiyyət” və “1268” (miladi təqvimlə 1851-ci il) həkk edilib. Nişan Osmanlı sultanı Əbdülməcidin hakimiyyəti dövründə təsis edilib. Dairənin daxilində Osmanlı tuğrasının təsviri, nişanın arxa tərəfində isə aypara daxilində yazılar vardır.

Qeyd edək ki, 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinə hərbi kömək göstərmək üçün Qafqaz İslam Ordusu yaradılmışdı. Azərbaycanda həmin dövrdə təltif nişanları olmadığından azərbaycanlı hərbçiləri də Osmanlı dövlətinin orden və medalları ilə təltif edilirdi. Hazırda Türkiyə Cümhuriyyətinin hərbi arxivlərində azərbaycanlı hərbçilərin təltifləri barədə məlumatlar olan sənədlər qorunur.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015