AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Görkəmli dilçi və türkoloq alim Əhməd Cəfəroğlunun 120 illik yubileyi qeyd olunub
Dek 20, 2019 | 10:22 / Yubileylər
Oxunub 108 dəfə

Dekabrın 20-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli dilçi və türkoloq alim Əhməd Cəfəroğlunun anadan olmasının 120 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib.

Tədbirdə institutun direktoru, akademik Gövhər Baxşəliyeva alimin Azərbaycan xalqının dilinə, ədəbiyyatına, tarixinə, etnoqrafiyasına dair çoxsaylı elmi əsərlərin müəllifi olduğunu deyib. Qeyd edib ki, Əhməd Cəfəroğlu Türkiyədə yazdığı bu əsərləri ilə Azərbaycanın mədəniyyətinin təbliği sahəsində böyük rol oynayıb. Əhməd Cəfəroğlu adını dünya türkologiya elminə böyük hərflərlə yazıb.

Sonra çıxış edən İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova bildirib ki, Əhməd Cəfəroğlu mühacirətdə yaşamasına baxmayaraq, qəlbi həmişə Azərbaycanla döyünüb. O, Azərbaycanşünaslığa və türkologiyaya böyük töhfələr verib.

Sessiyada Şərqşünaslıq İnstitutunun əməkdaşı Mirzə Ənsərli türkoloq alimin mühacirətdəki həyat və fəaliyyətinin müxtəlif dövrlərindən danışıb, onun Almaniyadakı təhsil illərini xüsusi qeyd edib, Ə.Cəfəroğlunun daima sovet xüsusi xidmət orqanlarının nəzarətində olduğunu bildirib.

Tədbirdə Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, fil.ü.f.d. Qətibə Quliyeva Əhməd Cəfəroğlunun dilçilik fəaliyyətindən və yaradıcılığındakı lüğətçilik məsələlərindən, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, fil.ü.e.d. Bədirxan Əhmədov alimin ədəbiyyatşünaslıq sahəsində xidmətlərindən, həmin institutun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri, fil.ü.e.d. Nikpur Cabbarlı Əhməd Cəfəroğlunun pedaqoji fəaliyyəti, tədqiqatları və radio çıxışlarından danışıblar. Şərqşünaslıq İnstitutunun Din və İctimai fikir tarixi şöbəsinin müdiri, f.ü.f.d. Esmeralda Həsənova Əhməd Cəfəroğlu ilə bağlı xatirələrini bölüşüb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015