AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Humanitar Elmlər Bölməsinin elmi müəssisələrinin hesabatları dinlənilib
Dek 19, 2019 | 03:14 / Konfranslar, iclaslar
Oxunub 130 dəfə

Dekabrın 19-da AMEA Rəyasət Heyətində Humanitar Elmlər Bölməsinin (HEB) büro iclası keçirilib. Tədbirdə bölmənin büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyəti əməkdaşlar iştirak ediblər.

Bölmənin akademik-katibi, akademik Teymur Kərimli iclası giriş sözü ilə açaraq iştirakçıları gündəliklə tanış edib.

Tədbirdə müzakirəyə çıxarılan ilk məsələ bölmənin elmi müəssisələrinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında olub.

Hesabatı təqdim edən T.Kərimli bildirib ki, cari ildə bölmənin elmi müəssisələrində 104 mövzunu əhatə edən 29 problem üzrə 184 mərhələdə 483 iş həyata keçirilib. İl ərzində bölmə üzrə 188 kitab, 102 monoqrafiya, 39 dərslik və elmi-kütləvi vəsait, 2198 məqalə və 446 tezis nəşr edilib, o cümlədən xaricdə 11 kitab, 14 monoqrafiya, 291 məqalə və 82 tezis işıq üzü görüb. İmpakt faktorlu jurnallarda bölmə əməkdaşlarının 39 məqaləsi nəşr olunub.

Akademik-katib hesabat ilində elmi müəssisələr tərəfindən 2 qrantın alındığını diqqətə çatdırıb. O, kadr hazırlığı məsələsinə də toxunaraq, cari ildə fəlsəfə doktorluğu üzrə 12, elmlər doktorluğu üzrə isə 1 nəfərin dissertasiya işini müdafiə etdiyini bildirib. T.Kərimli, həmçinin bu il 7 nəfərin magistraturada təhsilini davam etdirdiyini söyləyib.

Hesabatla bağlı geniş müzakirələr aparılıb. Bölmə üzvlərinin səsverməsindən sonra hesabat yekdilliklə qəbul edilib.

İclasda bir sıra kadr və cari məsələlərə də baxılıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015