AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Bu il 5 mindən çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib
Dek 04, 2019 | 01:33 / Konfranslar, iclaslar
Oxunub 308 dəfə

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun beynəlxalq hüquq şöbəsi tərəfindən Dünya Bankı ilə birgə həyata keçirilən hüquqi yardım xidmətlərinin göstərilməsi üzrə layihə çərçivəsində vətəndaşlara ödənişsiz hüquqi məsləhətlərin verilməsi davam edir.

Layihənin kordinatoru Samir Osmanov AZƏRTAC-a bildirib ki, 2019-cu ildə 5472 nəfər (yanvarda 504, fevralda 712, martda 455, apreldə 632, mayda 485, iyunda 416, iyulda 401, avqustda 472, sentyabrda 469, oktyabrda 528, noyabrda 398) vətəndaş hüquqi yardım almaq üçün müraciət edib.

Ötən 11 ay ərzində həssaslıq qrupuna görə istifadəçilərin xarakteristikası göstərir ki, onların əksəriyyəti (2649 nəfər) aztəminatlı ailələr qrupuna mənsubdur.

Hesabat dövründə müxtəlif hüquqi məsələlərlə bağlı istifadəçilərə hüquqi yardım göstərilib. Ən çox müraciət edilən mövzuların bölgüsü göstərir ki, əksər istifadəçilərin problemləri (1238 müraciət) əmlak hüquq məsələləri ilə bağlı olub. Bu ardıcıllıq nikahın pozulması, aliment, uşağın kimin himayəsində qalması kimi ailə hüquq məsələləri ilə davam etdirilir. Həmçinin bir sıra sahələr, o cümlədən inzibati, borc, vərəsəlik, pensiya, sosial yardım, istehlakçı hüquqları, nəqliyyat məsələləri və s. üzrə hüquqi məsləhət xidmətləri də göstərilib.

Toplanılan məlumatlar göstərir ki, 2760 nəfər “Facebook”, 1078 nəfər Hüquqi Yardım Mərkəzində konsultasiya vasitəsilə, 1552 nəfər telefon vasitəsilə, 36 istifadəçi onlayn müraciət forması vasitəsilə, 46 istifadəçi isə elektron poçt vasitəsilə hüquqi yardım alıb.

Layihə haqqında ictimai məlumatlılığı artırmaq üçün təbliğat fəaliyyətlərinin müxtəlif metodları həyata keçirilib, 525 ədəd təşviqat broşürü Hüquqi Yardım Mərkəzinə gələn vətəndaşlara paylanılıb. Hesabat dövrü ərzində 522 ədəd hüquqi maarifləndirmə broşürü vətəndaşlara və digər maraqlı tərəflərə çatdırılıb.

Xatırladaq ki, hüquqi yardım xidmətlərinin göstərilməsi üzrə layihə 2018-ci ilin mart ayından həyata keçirilir. Layihənin məqsədi hüquqi yardıma ehtiyacı olan həssas qrup vətəndaşlara, xüsusilə qadınlar, yetkinlik yaşına çatmayanlar, qaçqın və məcburi köçkünlər, milli azlıqlar, aztəminatlı ailələr üçün ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsi, habelə əhalinin maarifləndirilməsi üçün hüququn müxtəlif sahələri üzrə məlumat xarakterli broşürlərin hazırlanmasından ibarətdir. Vətəndaşlara ailə, inzibati, əmək, əmlak, borc, miras, təqaüd, sosial yardım, istehlakçı hüquqları, cinayət və s. sahələrdə yaranan problemlərə dair məsləhətlər verilir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015