AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
Qazax və Ağstafada etnoqrafik tədqiqatlar aparılıb
Noy 15, 2019 | 09:28 / Konfranslar, iclaslar
Oxunub 994 dəfə

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun etnoqrafik ekspedisiyası Qazax və Ağstafa rayonlarında tədqiqatlar aparıb. Etnoqrafik ekspedisiyanın məqsəd və vəzifələrinə uyğun olaraq bölgənin təsərrüfat həyatı, maddi mədəniyyəti, sənətkarlığı, ailə məişəti, folkloru və s. tədqiqata cəlb olunub. Bölgədə şəhər əhalisinin artması, infrastrukturun genişlənməsi, xidmət sahələrinin çoxalması, əhalinin dünyagörüşündə, həyat tərzində, məişətində, ailə münasibətlərində qarşılıqlı yardım formaları, toy və yas mərasimlərinin keçirilməsi, mətbəx mədəniyyəti və s. sahələrdəki dəyişikliklər öyrənilib.

Ekspedisiya üzvləri Ağstafa Regional Mədəniyyət İdarəsində, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Ağstafa Tarix-Diyarşünaslıq Müzeyi, Qazax İH mədəniyyət şöbəsində olublar. Onlar Qazax və Ağstafa şəhər mərkəzləri ilə yanaşı, Qazax rayonunun Kosalar, Alpoud, Qıraq Kəsəmən, Ağköynək, Daş Salahlı, Abbasbəyli, Qarapapaq, Kəmərli, Qaymaqlı, Birinci Şıxlı, İkinci Şıxlı, Yuxarı Salahlı, Xanlıqlar, Astanbəyli, Sadıxlı, Muğanlı, Böyük Cəfərli və s., Ağstafa rayonunun Həsənsu, Eynallı, Vurğun, Köçəsgər, Poylu,  Qarahasanlı, Düz Qışaq, Kolayır, Pirili, Xılxına kəndlərində görüşlər keçirib, etnoqrafik materiallar toplayıblar.

Bölgənin təsərrüfat həyatında taxılçılıq, kartofçuluq, baramaçılıq, tütünçülük, həmçinin atçılıq, camışçılıq, balıqçılıq, arıçılıq kimi sahələrin bu günki durumu da ekspedisiyanın diqqətində olub.

Ekspedisiyanın gedişində müxtəlif yaşayış məntəqələrində yaşamış və indi yaşayıb-yaradan sənətkarlar haqqında məlumatlar toplanıb, ənənəvi sənət sahələrinin indiki vəziyyəti, baş verən dəyişikliklər öyrənilib.

Azərbaycanın xalq sənətkarlıq növlərindən biri olan sandıqçılıq Qazaxda yaşamaqdadır. Rayon mərkəzində sandıqçılıqla məşğul olan Nofəl Qurbanovun bildirdiyinə görə, bu sənət sahəsi bir növ ailə ənənəsi sayılır. Hazırda mücrü sandıq hazırlanmasına üstünlük verilir və bu sandıqlar əsasən tam quru şam ağacından hazırlanır.

Ekspedisiya Qazax-Ağstafa bölgəsində sazbəndlik sənətinin bu günki durumu barədə məlumatlar əldə edib. Bildirilib ki, “Qara saz”, “Ana saz”, “Sədəfli saz”, “Beçə saz” kimi çeşidlərə malik sazların düzəldilməsi bir neçə mərhələdən keçir. Müxtəlif hissələri fərqli ağac növlərindən düzəldilən alət təxminən 10-12 gündən bir ayadək müddətdə hazırlanır. 

Ekspedisiya ərzində toplanmış məlumatların hazırda təhlili aparılır, bölgədə əhalinin həyatında və təsərrüfatında yeniliyin və qədim ənənələrin təzahür formalarının xüsusiyyətləri araşdırılır. Ənənələrin qorunması, yeni tendensiyaların istiqamətinin təyin edilməsi baxımından əhəmiyyətli tədqiqatın nəticələri daha sonra çapa təqdim olunacaqdır.

Qeyd edək ki, Arxeologiya və Etnoqrafiya İnstitutunun Qazax və Ağstafa rayonlarına etnoqrafik ekspedisiyasının heyəti t.ü.f.d. Bəhmən Əliyev (ekspedisiyanın rəhbəri), t.e.d. İlhamə Məmmədova, t.ü.f.d. Əsəd Əliyev, t.ü.f.d. Sevil Ağamalıyeva, İsmayıl Umudlu, kiçik elmi işçi Gülnar Tağıyevadan ibarətdir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015