AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Lahıcdakı Bədöyün məscidində arxeoloji tədqiqatlar davam edir
Noy 12, 2019 | 11:39 / Konfranslar, iclaslar
Oxunub 50 dəfə

Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Lahıc arxeoloji ekspedisiyası Lahıc qoruğu ərazisində, Bədöyün məscidində tədqiqat işlərinə başlayıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Lahıca səfəri zamanı əhali ilə görüşərkən qəsəbənin ağbirçək sakini Püstə Əliyeva Bədöyün məscidinin acınacaqlı vəziyyətdə olması haqqında məlumat verib. Məscidi ziyarət edən Birinci vitse-prezident Mehriban Əliyeva abidənin dərhal təmir edilməsi haqqında tapşırıq verib.

Dövlət Turizm Agentliyi ilə bu elm müəssisəsi arasında imzalanmış memoranduma əsasən abidədə təmirdən əvvəl arxeoloji tədqiqat işlərinin aparılması qərarlaşdırılıb.

Arxeologiya və Etnoqrafiya İnstitutunun Lahıc arxeoloji ekspedisiyasının rəhbəri, t.ü.f.d. Akif Quliyevin sözlərinə görə, Bədöyün məscidində aparılan araşdırmalar abidənin tikilmə tarixi, ilkin memarlığı və s. məsələlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, Dövlət Turizm Agentliyinin reyestrinin qeydiyyat nömrəsinə əsasən abidə 1791-ci ildə inşa edilib. Abidənin üzərində 8 kitabə mövcuddur. Bunların yeddisi ərəb dilində, biri isə ərəb qrafikası ilə Azərbaycan dilindədir. İki kitabədə əks olunmuş dini hədis mətnlərindən sonra, hicri 1295-ci il (1878-ci il) və hicri 1323-cü il (1905-ci il) tarixləri qeyd edilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015